Fərid Quliyev: Bu qərarı gözləyirdim
22.05.2012 - 15:19
Fərid Quliyev: Bu qərarı gözləyirdim
“Haqqımda belə qərar çıxarılacağını gözləyirdim. Komandadan ayrılacağımı bilirdim”. Bu fikirləri apasport.az saytına “Neftçi” klubundan kənarlaşdırılan Fərid Quliyev deyib.

Ötən mövsüm “ağ-qaralar”la ölkə çempionu olan 26 yaşlı hücumçu özünə yeni klub axtarmalıdır. Belə ki, paytaxt təmsilçisi başa çatan müqavilələrini uzatmamağa qərar verdiyi 6 futbolçudan biri Fərid olub.

Quliyevin sözlərinə görə, növbəti mövsümdə “Neftçi”də qalacağını düşünmürmüş: “Komandada daha çox ehtiyatda qalırdım. Buna görə də oyun praktikasına görə geri düşürdüm. İlk növbədə oyun praktikamı artırmaq üçün başqa komandaya keçməli idim. Düzdür, mövsümün sonunda, finalda da əsas heyətdə meydana çıxdım. Ancaq dedilər ki, formamı yığa bilməmişəm. Bunu normal hal sayıram. Çünki 8 ayı daha çox ehtiyatda keçirən futbolçuya forma yığmaq çətindir”.

Milli komandamızın sabiq oyunçusu klub karyerası ilə bağlı seçim edərkən, ciddi götür-qoy etməyi düşünür: “Bu, ilk növbədə özümə, daha çox oynamağa görə xeyirli olacaq. Mən milli komandaya qayıtmaq istəyirəm və ona görə də klubumda çox oynamağım lazımdır. Bu üzdən hərtərəfli nəzərdən keçirib, qərarımı verəcəyəm. Bir-iki variantlar var, hələ ki düşünürəm. Vaxtım var və götür-qoy edəndən sonra qərar verəcəyəm. Karyeramı hansı komandada davam etdirəcəyimə yaxın günlərdə aydınlıq gətirəndən sonra məlumat verəcəyəm”.

Mehman SÜLEYMANOV