Rəşad Abdullayev: Ola bilsin “Xəzər Lənkəran”a qayıtdım
22.05.2012 - 17:01
Rəşad Abdullayev: Ola bilsin “Xəzər Lənkəran”a qayıtdım
“Mənimlə müqavilənin uzadılmamağını normal qarşıladım. Onsuz da təkliflərim var”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi”nin sabiq futbolçusu Rəşad Abdullayev deyib.

Son 3 mövsümü “ağ-qaralar”la keçirən sağ cinah yarımmüdafiəçisi əsas heyətdə yerini möhkəmlətsə də, onunla yeni müqavilə bağlanmadı: “Açığı, bu, mənim üçün gözlənilməz oldu. Yəqin ki, elə media, mütəxəssislər də “Neftçi”dən qalacağımı gözləyirdi. Klubla danışıqlarımız mütəmadi gedirdi. İstənilən halda, xoşluqla ayrıldıq. “Neftçi”də oynadığım 3 il uğurlu oldu, 2 dəfə çempion oldum. Fikrimcə, çox xeyir verdim. Ümumiyyətlə, hansı komandada oynamışamsa, həmişə faydalı olmağa çalışmışam”.

Baş məşqçi Böyükağa Hacıyevin təqdimatına əsasən, “Neftçi” Abdullayev də daxil olmaqla 6 futbolçu ilə yollarını ayırdı. Rəşad çalışdırıcı ilə probleminin olmadığını bildirib: “Ümumiyyətlə, indiyə kimi işlədiyim baş məşqçilərin – istər əcnəbi, istərsə də yerli olsun – hamısı isə yola getmişəm. Böyükağa müəllimlə də münasibətlərimizdə problem yox idi. O, mənə əsas heyətdə yer verirdi, mən də bir futbolçu kimi ona meydanda istədiyini verirdim. Heç vaxt məndən narazılığını bildirməyib, əksinə, haqqımda yüksək fikirdə olub”.

Abdullayev 2009-cu ildə “Neftçi”yə prinsipial rəqibi “Xəzər Lənkəran”dan keçmişdi. Lənkəran klubunun yarandığı 2004-cü ilin yayından şərəfini qoruyan, heyətində bir sıra titullar qazanan 31 yaşlı futbolçu daha əyalətdə oynamaq istəməyərək, paytaxtda çıxış etməyə üstünlük vermişdi. Maraqlıdır, Rəşad yenidən əyalətdə, cənub təmsilçisində oynamağı, ümumiyyətlə, avrokuboklara vəsiqə qazanan klublardan birinə keçməyi düşünür?: “Ola bilər ki, “Xəzər Lənkəran”a qayıtdım. Ancaq bu, dəqiq deyil, hələ konkret söhbət olmayıb. Düzdür, bu komandanın baş məşqçisi Yunis Hüseynovla münasibətlərim yaxşıdır. Ümumiyyətlə, hansı kluba keçirəmsə, ilk növbədə onun baş məşqçisi ilə münasibətlərimin olmağına diqqət yetirmişəm. Biz peşəkar futbolçuyuq və hansı variant sərfəli olacaqsa, onu da dəyərləndirəcəyəm. İndidən deyə bilmərəm ki, mütləq avrokuboklarda iştirak edən komandanı seçəcəyəm. Ola bilər ki, bu, qitə miqyaslı turnirə vəsiqə qazanmayan klub olsun. Hələ bilinmir, hər şey qismətdən, təkliflərdən asılıdır”.

Mehman SÜLEYMANOV