Vaqif Sadıqov: “Neftçi” klubundan qovulanlar AZAL-a keçə bilərlər
23.05.2012 - 11:49
Vaqif Sadıqov: “Neftçi” klubundan qovulanlar AZAL-a keçə bilərlər
“Belarusa gedə bilməməyimin səbəbi işlərin çox olmasıyla bağlıdır”. Bunu apasport.az saytının əməkdaşına AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov deyib.

Son mövsümü 7-ci pillədə başa vuran “təyyarəçilər” Sadıqovla yeni çempionatda uğursuzluğu unutdurmaq niyyətindədir. Bu səbəbdən komandanı gücləndirməyə çalışan 53 yaşlı mütəxəssis bəzi legionerləri iş başında izləmək istəyirdi. Ancaq işlərin çoxluğu onun səfərə yollanmasına mane olub.

Əvəzində Sadıqov sərəncamında görmək istədiyi yerli futbolçuların müqaviləsini həll etməyə çalışır: “Öncə komandada görmək istədiyim yerli futbolçularla danışıqlar aparırıq. Bundan sonra növbə legionerlərə çatacaq”.

“Neftçi”nin transferə çıxardığı futbolçular haqda da danışan baş məşqçi onların hər birinin AZAL-da oynamaq şansının olduğunu gizlətməyib. Xüsusilə, Cavid Hüseynovun “ağ-qaralar”a onun rəhbərliyi dövründə transfer olduğunu yada salmaq lazımdır: “Cavid o vaxt yığmanın üzvi idi. Müqaviləsi uzadılmayan futbolçuların hər birinin komandamızda oynamaq şansı var. Təki niyyətimiz, istəyimiz eyni olsun, üst-üstə düşsün”.