“İnter” polşalı ilə müqavilə bağlayır
23.05.2012 - 13:12
“İnter” polşalı ilə müqavilə bağlayır
Avroliqada mübarizə aparacaq “İnter” transfer etmək istədiyi Tales Şützlə 1 illik müqavilə bağlayacaq. Apasport.az saytının məlumatına görə, ötən mövsümü AZAL-da keçirən polşalı hücumçu “bankirlər”ə Türkiyədə qoşulacaq.

Onunla rəsmi anlaşma məhz qardaş ölkədə reallaşacaq. Bununla, “təyyarəçilər”lə müqaviləsi bitdiyindən sərbəst futbolçu olan Şützün yeni klubuna keçidi rəsmiləşəcək.

Polşalıdan fərqli, digər əcnəbi hücumçu Georgi Adamiya “İnter” Türkiyəyə təlim-məşq toplanışına gedənədək Bakıda keçidini rəsmiləşdirəcək. Gürcüstanlı futbolçu ilə də 1 illik rəsmi müqavilə bağlamaq nəzərdə tutulub. Bürünc medalçımızın hələlik keçidini rəsmiləşdirdiyi ötən mövsümü “Sumqayıt”da keçirən yerli futbolçu Ramil Həşimzadədir.

Məlum olduğu kimi, “İnter” iyunun 1-də Bakıda bir araya gəlib, Antalyaya yollanacaq. Komandanın legionerləri birbaşa öz ölkələrindən ora gələcəklər. İyunun 12-də Vətənə qayıdacaq Bakı təmsilçisi 2-ci təlim-məşq toplanışını da xaricdə keçirəcək.

Bunun Sloveniyada olacağı gözlənilir. Komanda 2 ölkə arasında seçim edir ki, bunlardan digəri Avstriyadır. Qonşu ölkələrdən Sloveniyaya üstünlük verilməyi orada daha yaxşı şəraitin, yoxlama oyunları keçirmək üçün çoxlu komandaların olmağı ilə bağlıdır.

Mehman SÜLEYMANOV