Berti Foqtsun “mavi samuray”lara qarşı taktiki sxemi
23.05.2012 - 13:35
Berti Foqtsun “mavi samuray”lara qarşı taktiki sxemi
Yığmamız Yaponiya ilə yoldaşlıq görüşünə 2 hücumçu ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Berti Foqts “mavi samuray”lara qarşılaşmada ilk dəqiqələrdən ön xətdə “Qarabağ”dan Rauf Əliyevlə “Sivasspor”un milliləşdirilən türkiyəli üzvü Cihan Özkaraya şans verəcək.

Qapını yenə Kamran Ağayevə etibar edən Foqts müdafiənin mərkəzində Aqil Nəbiyev – Elnur Allahverdiyev tandemini sınayacaq. Aqil vaxtilə dayaq yarımmüdafiəçisi, Elnur cinah müdafiəçisi mövqeyində oynasa da, son vaxtlar öz klublarında daim müdafiənin mərkəzində çıxış edirlər. Foqts arxa xəttin dirəyi sayılan kapitan Rəşad Sadıqovun yoxluğunda müdafiənin mərkəzinin necə olacağını görmək istəyir.

Rəşadın yerinə çağırılan digər milliləşdirilən türkiyəli Əli Gökdəmirin müdafiənin sol, Maksim Medvedevin sağ cinahında yer alması nəzərdə tutulub. Yarımmüdafiənin sol və sağ cinahları isə müvafiq olaraq daha bir milliləşdirilən türkiyəli Ufuk Budakla Mahir Şükürova tapşırılacaq.

Halbuki onlar müdafiənin sol və sağ cinahlarında da oynasalar da, bu dəfə daha çox hücuma dəstək verəcəklər. Mərkəz yarımmüdafiəçiləri isə milliləşdirilən ukraynalı Aleksandr Çertoqanovla Ruslan Abışov olacaq.

Qeyd edək ki, Sadıqovun yoxluğunda kapitan sarğısını vitse-kapitan Şükürov daşıyacaq.

Mehman SÜLEYMANOV