“Superkubokun Bakıda keçirilməsi variantından xəbərim yoxdur”
23.05.2012 - 15:13
“Superkubokun Bakıda keçirilməsi variantından xəbərim yoxdur”
Türkiyə Futbol Federasiyasının (TFF) “Qalatasaray”la “Fənərbaxça” arasında Superkubok matçının Bakıda keçirilməsini təklif etməsi müzakirə obyektinə çevrilib. Apasport.az saytının məlumatına görə, türkiyəli həmkarlarımız İstanbul nəhəngləri arasında həlledici görüşün paytaxtımızda keçirilməsinin təklif olunduğunu, hətta iştirakçıların buna müsbət reaksiya verdiyini yazıblar.

Bu məsələ ilə bağlı TFF ilə əlaqə qurub, rəsmi mövqe öyrənmək qərarına gəldik. Ankara ilə əlaqə saxlasaq da, TFF-nin İstanbuldakı bürosuna zəng etməyimizi məsləhət bildilər. Öncə nə ilə bağlı maraqlandığımızı soruşduqdan sonra əməkdaşımıza Klubların Lisenziyalaşdırma Qrupunun üzvü Umut Mətinin cavab verəcəyini bildiriblər.

Mətin isə bildirib ki, Superkubokun Bakıda keçirilməsi variantından xəbəri yoxdur: “Mənim bundan xəbərim yoxdur. Əslində, Superkubokun harada keçirilməyi ilə bağlı federasiyanın İdarə Heyəti qərar verməlidir. Onlar isə hazırda Budapeştdə FİFA-nın Konqresində iştirak edirlər. Qərar verilərsə, bu haqda rəsmi saytımızda məlumat veriləcək”.

Mehman SÜLEYMANOV