“Qəbələ” “Rapid”in futbolçularını izləyəcək
23.05.2012 - 15:22
“Qəbələ” “Rapid”in futbolçularını izləyəcək
“Qəbələ” klubunun baş meneceri Zaur Əzizov Rumıniyaya yollanıb. Bu haqda apasport.az saytına məlumat verən Əzizov bildirib ki, paytaxt Buxarestdə “Rapid” və “Dinamo” arasında ölkə kubokunun final oyununu izləyəcək.

Qarşılaşma bu gün saat 23:00-da başlayacaq.

“Ola bilsin finalın iştirakçısı olacaq futbolçulardan kiminləsə maraqlandıq. Hələ bu haqda qəti söz demək olmaz. Ümumiyyətlə, yeni transfer etməmişik və bu yöndə axtarışlarımız davam edir” – deyə, Əzizov bildirib.

Bu, Rumıniyada cari mövsümün son oyunu olacaq. “Rapid” çempionatı 4-cü, “Dinamo” 5-ci pillənin sahibi kimi başa vurduğundan, hər ikisi mövsümü titulla başa vurmaq imkanına malikdir.

Əzizov, həmçinin qeyd edib ki, növbəti mövsümə hazırlıq məqsədilə Sloveniyada təlim-məşq toplanışı keçmələri dəqiqləşib. “Qəbələ”nin bu ölkəyə üstünlük verməyinin səbəbi şəraitin daha yaxşı, yoxlama oyunları üçün rəqiblərin çox olmağıdır.

Komandanın Sloveniyada təlim-məşq toplanışı 2 həftəlik - iyulun 13-dən 27-dək olacaq.