Bizə faciə yaşadanlar
23.05.2012 - 17:20
Bizə faciə yaşadanlar
Gələn ay Polşa və Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin startına cəmi 16 gün qalıb. Apasport.az saytı oxucularını sonuncu - D qrupu komandaları ilə tanış edir. Bu dəfə sıra Fransa millisinindir.

“Üçrənglilər” Avro-2012-yə 3-cü titul ardınca yollanacaq ki, bu da o qədər asan görünmür. Belə ki, əvvəlki 2 qitə çempionluğunda uğurun əsas memarı olan lider var idisə, indi millidə belə oyunçu çatışmır. 1984-cü ildə indiki UEFA prezidenti Mişel Platini, 16 il sonra isə digər əfsanə Zinədin Zidan yığmanı arxasınca aparmışdı. Lakin Zidanın yığmadan gedişindən sonra bu işi layiqincə görən tapılmır.

1998-ci ildə dünya, 2 il sonra Avropa çempionu olandan sonra Fransa yığması ciddi uğur qazana bilmir. Təbii ki, Konfederasiyalar kuboku nəzərə alınmamaqla. Düzdür, DÇ-2006-da finala qədər irəliləyən yığma çempionluğu sonda əldən verdi. Lakin həmin matç Zidanın son oyunu idi. DÇ-2002 və DÇ-2010-da yığma heç qrupdan da çıxa bilməyib. Avro-2004 və Avro-2008-də də hər hansı uğurdan danışmaq olmaz.

Lakin 12 il əvvəl futbolçu kimi Avropa çempionu olan Loran Blanın baş məşqçi postuna gəlməsindən sonra fransalılar xeyli ümidlənib. Final mərhələsinə qrup birincisi kimi yüksələn yığma Avro-2012-nin əsas favoritlərindən sayılmasa da Blan və yetirmələri çoxları üçün gözlənilməz sonluğa imza ata bilər. Bu baş verərsə, Blan Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mütləq rekordunu təkrarlayacaq. Belə ki, almaniyalı həm futbolçu, həm də baş məşqçi kimi Avropa çempionluğu yaşayan yeganə simadır.

Sonuncu dəfə 1988-ci ildə final mərhələsindən kənar qalan fransalılar ardıcıl 6-cı dəfə bu turnirə qatılacaq. Lakin həlledici mərhələlərdəki son 7 qarşılaşmada onlar qələbə nə olduğunu bilmir.
Fransa milisi ilə bağlı daha bir məqam isə onların ən böyükhesablı qələbəsidir. 17 il əvvəl Oser şəhərində Azərbaycan milli komandasını qəbul edən “üçrənglilər” Ağasəlim Mircavadov və yetirmələrinə əsl faciə yaşatmışdılar – 10:0. Millimizin də ən böyük məğlubiyyəti olan matç da bu üzdən “Oser faciəsi” kimi yaddaşlarda qalıb.
Fransa yığması

FİFA reytinqi: 16
İlk oyun: Belçika 3:3 (01.05.1904, Brüssel)
Ən böyükhesablı qələbə: Azərbaycan 10:0 (06.09.1995, Oser)
Ən böyükhesablı məğlubiyyət: Danimarka 1:17 (22.10.1908, London, İngiltərə)
Titulu: 1998-ci il dünya, 1984 və 2000-ci il Avropa,1984-cü il Olimpiya çempionu, 2001 və 2003-cü il Konfederasiyalar kubokunun qalibi
Baş məşqçi: Loran Blan
Avropa çempionatlarında ən yaxşı nəticə: 1984 və 2000-ci ildə çempion
Ən məhsuldar futbolçusu: Tyerri Anri - 51 qol
Karyerasını davam etdirənlər arasında ən məhsuldar futbolçu: Kərim Benzema - 13 qol
Yığmada ən çox oyun: Lilian Türam – 125
Karyerasını davam etdirənlər arasında yığmada ən çox oyun: Floran Maluda – 73

Fransa yığması Avropa çempionatlarında:

 OQHMT
Final mərhələsi28147746-34
Seçmə mərhələ102592617206-85
Cəmi130733324252-119


Fransa yığmasının oyunları:
11.06.2012. Donetsk. 21:00. Fransa – İngiltərə
15.06.2012. Donetsk. 21:00. Ukrayna –Fransa
19.06.2012. Kiyev. 23:45. İsveç – Fransa