Kamran Ağayev: Ola bilər bizi qınasınlar
29.05.2012 - 14:32
Kamran Ağayev: Ola bilər bizi qınasınlar
Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin apasport.az saytının Almaniyaya ezam olunmuş əməkdaşına müsahibəsi

- Bu gün ikitərəfli oyunda iştirak etmədiniz. Bu, zədə ilə bağlıdır, yoxsa sizi Andorra yığması ilə sabahkı matçda oynatmayacaqlar?
- Kim deyir ki, zədəm var? Sadəcə, bu gün Anar Nəzirovla Rauf Mehdiyevə şans verdilər. Millidə əsas heyət üzvü yoxdur, hamı oynaya bilər.

- Yığmamız Yaponiyaya məğlubiyyəti necə “həzm etdi”?
- Əlbəttə, pis. Düzünü desək, Yaponiyaya pis getdik.

- Məsafəyə uzaq idi, ona görə?
- Hə, hər şey istədiyimiz kimi olmadı. Ancaq nə qədər pis getsək də, meydançaya hazır formada çıxmışdıq. Yaponlara qarşı 2-ci dəfədir oynayırdım.

- Birincisi nə vaxt olmuşdu?
- İlk dəfə U-21-nin heyətində oynamışdın. Yaponlar təkbətək mübarizələrdə çox cəlddirlər. Bu baxımdan onlarla bərabər səviyyədə oynamaq çətindir. Ancaq düşüncə baxımdan, o qədər də güclü komanda deyil. İnanıram ki, Yaponiya ilə Azərbaycanda oynasaq, qələbə qazana bilərik.

- Andorra ilə oyun öncəsi nə fikirləşirsiniz?
- Qələbə qazanmağı düşünürük. Bu, yoxlama oyunlarıdır və futbolçular, komanda gücünü yoxlayır. Ancaq bunun qarşısında da nəticə qazanmalıyıq. Çünki Azərbaycanın adını daşıyırıq. Burada ölkəmizi təmsil ediriksə, gərək qələbə qazanaq.

- Hər halda, Yaponiyaya məğlubiyyətdən sonra qələbə lazımdır...
- Ümumiyyətlə, Yaponiyaya məğlubiyyət üçün yox, qələbə dalınca getmişdik. Yaxşı nəticə qazanmaq, özünü göstərmək istəyirsənsə, gərək qalib gələsən.

- Rəqiblə bağlı nə deyə bilərsiniz?
- Andorraya qarşı bir dəfə oynamışıq. Rəqib Andorradır deyə, əl-qolumuzu aşağı salıb, fikirləşək ki, nəticə bizə lazım deyil, ancaq özümüzü göstərək, yaxşı futbol oynayaq – yox, elə deyil. Nəticə üçün çıxırıq, meydanda vuruşacağıq. Ümumiyyətlə, baş məşqçi, Azərbaycan xalqının məqsədi belədir ki, milli komanda seçmə mərhələdə yaxşı nəticə versin.

- Andorra ilə qarşılaşmada təkcə qələbə yox, böyük hesablı qələbəyə oynamaq lazımdır...
- Bəli. Antifutbol oynayıb, qələbə qazanmaq olar. Sadəcə, bu, oyunlar yoxlama xarakterlidir. Hər kəs oynaya bilər. Ola bilər ki, bizi qınasınlar. Amma yorğunluq, nədir, bunlar boş şeylərdir. Əsas odur ki, burada Azərbaycana təmsil edirsən.

- “Tottenhem”in sizinlə maraqlanmağı şayiə, yoxsa həqiqətdir?
- Bu haqda danışmaq istəmirəm. Sadəcə, onu demək istəyirəm ki, “Xəzər Lənkəran”la müqaviləm yoxdur. Əgər Azərbaycandan qırağa, Avropaya çıxmasam, onda yəqin ki, “Xəzər Lənkəran”la danışacağam. Bu komanda ilə danışığımız belə olub.

Mehman SÜLEYMANOV
FRANKFURT