Berti Foqtsun şərti
29.05.2012 - 15:56
Berti Foqtsun şərti
Almaniyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün açıq məşqini keçirdi. Apasport.az saytının Frankfurta ezam olunmuş əməkdaşının məlumatına görə, məşqə gələn azərbaycanlı jurnalistlərin izləyə bildiyi son hazırlıq prosesinin əvvəlcə yerli vaxtla 11:00-da (Bakı vaxtilə saat 14:00-da) başlamağı nəzərdə tutulsa da, sonradan 30 dəqiqə əvvələ çəkildi.

Millimizin 1 saatlıq məşqi Andorra ilə sabah yoldaşlıq görüşü keçiriləcək stadionda baş tutdu ki, rəqib də son məşqinə eyni məkanda - yerli vaxtla saat 17:00-da çıxacaq.

Stadion kiçik, cəmi 110 nəfərlik olsa da, ot örtüyü çox yaxşı idi. Təsadüfi deyil ki, əsas qapıçımız Kamran Ağayev qazondan çox razı olduğunu bildirdi. Meşənin ortasında yerləşən meydançada çalışan futbolçuları havanın çox isti olmağı yorurdu ki, bu da tədricən aradan qalxdı.

Adəti üzrə isinmə hərəkətləri ilə başlayan məşqin ilk yarısı almaniyalı baş məşqçi Berti Foqtsun 11 nəfər futbolçu ilə standart vəziyyətlər üzərində çalışmağı ilə keçdi. Öncə Mahir Şükürovun yerinə yetirdiyi künc zərbələri zamanı 3 futbolçu dirəyin yanında dururdu, ötürməyə gedən “Qarabağ”ın hücumçuları Vüqar Nadirovla Rauf Əliyev dəqiq zərbə vurmalı idilər.

Foqtsun köməkçiləri – həmyerlisi Olaf Yansenlə Nazim Süleymanov həmin vaxt onun yanında idisə, qapıçılarla işləyən Ulu Ştayn qalan futbolçularla meydanında digər hissəsində çalışırdı. Yeri gəlmişkən, o, məşqin əvvəlində azərbaycanlı həmkarı Etibar Tarıverdiyevlə yanaşı, Kamran Ağayev, Rauf Mehdiyev və Anar Nəzirovla birgə çalışdı.

İkitərəfli oyunda isə son 2 qapıçı iştirak etdi və Ştayn bu zamanı Ağayevlə fərdi işləyirdi. Məşqin sonunu gözləmədən meydançanı tərk edən əsas qapıçımız bizimlə söhbətdə zədə probleminin olmadığını bildirdi.

Daha sonra Foqts cərimə zərbələri üzərində çalışdı. Maraqlıdır ki, sol və sağ cinahdan qurulan “canlı sədd”lər zamanı zərbələr yox, baş məşqçinin təlimatları oldu. O da maraqlıdır ki, Foqts bu zaman “canlı sədd”dəkilərin lazımı məsafədə durmadığını görərək, özü 9 metr addımlayırıq, harada dayanmalı olduqlarını göstərdi.

Daha sonra həmin “11-li”k cinahlardan yerinə yetirilən hava ötürmələri üzərində çalışdı. Bu zaman hava ötürmələri Mahir Şükürovla Ruslan Abışov edirdi. Həmin hava ötürmələrindən hücumçu Rauf Əliyev 2 dəfə dəqiq istifadə edərək, başla topu qapıdan keçirdi.

Məşqin 2-ci hissəsi ikitərəfli oyundan ibarət oldu. Bu zaman şərti olaraq “göy” adlanan komandada - qapıda Anar Nəzirov, müdafiədə Ruslan Abışov, Elnur Allahverdiyev, Əli Gökdəmir, Mahir Şükürov, yarımmüdafiədə Aleksandr Çertoqanov, Ufuk Budak, Uğur Pamuk, Elvin Məmmədov, hücumda Rauf Əliyev yer almışdı.

“Yaşıllar”da isə qapını Rauf Mehdiyev qoruyurdu. Müdafiədə Vladimir Levin, Aqil Nəbiyev, Ruslan Əmircanov, Rizvan Umarov, yarımmüdafiədə Rahid Əmirquliyev, Vüqar Nadirov, Vüqar Əsgərov, hücumda Cihan Özkara, Branimir Subaşiç yer almışdı. “Sarı” formada olan Maksim Medvedev isə mərkəz yarımmüdafiəçisi kimi hər komanda hücum edəndə, onun oyunçusu olurdu.

İkitərəfli oyunun başlanğıcında Foqtsun tərcüməçisi Aydın Rüstəmov baş məşqçinin futbolçulara şərtini açıqladı. Belə ki, yaxşı oynasanız, oyun 10, pis oynasanız, çox davam edəcəkdi. Futbolçularımız bundan nəticə çıxardaraq, özlərini yaxşı göstərməyə çalışdılar və ikitərəfli oyun elə də uzun çəkmədi.

“Göylər”in 3:0 hesabı ilə qalib gəldiyi oyunda hər 3 top Mehdiyevin qapısından keçdi. Futbolçular məşqi meydanı dövr edərək, yüngül qaçışla başa vurdular.

Mehman SÜLEYMANOV
Frankfurt