Mahir Şükürov het-trik etsə...
30.05.2012 - 10:31
Mahir Şükürov het-trik etsə...
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2012-ci ildə keçirilən qarşılaşmaların ən məhsuldar oyunçularının yeni siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, milli komandaların görüşlərində və qitə kuboklarında ən azı 5 qol vuran futbolçuların yer aldığı cədvəldə 44 bombardir qərarlaşıb.

Ötən ay açıqlanan siyahı ilə müqayisədə cədvələ ciddi dəyişiklik baş verib. Minimum 4 qol vuranların 47 nəfərlik siyahısına başçılıq edən Lionel Messi mövqeyini əldən verib. Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubu ilə qitə kuboklarında 12 qol vuran braziliyalı Rikardo Oliveyra ilk pilləni ələ keçirib.

Argentina yığmasında 3, İspaniya “Barselona”sında 8 qol vuran Lionel Messi 2-ci yerə düşüb. Madrid “Atletiko”su ilə Avropa Liqasında 9, Kolumbiya millisində 1 dəfə fərqlənən Radamel Falkao ilk “üçlüy”ü qapayır.

Siyahıda Azərbaycan təmsilçiləri yer almayıb. Çünki ən məhsuldar futbolçumuz olan Mahir Şükürov 5-dən az – cəmi 2 dəfə fərqlənib. Onun siyahıya daxil olması üçün bu gün Andorra ilə qarşılaşmada het-trik müəllifi olması lazımdır.

Digər futbolçularımız isə bunun üçün ya poker, ya da penta-trikə imza atmalıdır. Hesabında 1 qol olan Rauf Əliyev və Vüqar Nadirova 4 qol kifayət edirsə, digərləri 5 dəfə fərqlənməlidir.