“Say azlığında qaldıqdan sonra məğlubiyyətimiz qaçılmaz oldu”
30.05.2012 - 20:01
“Say azlığında qaldıqdan sonra məğlubiyyətimiz qaçılmaz oldu”
“Oyunun əvvəlindən hiss edirdik ki, Azərbaycan yığmasına sürət və texnikada uduzuruq”. Apasport.az saytının xəbərinə görə, bunu Qırğızıstan yığmasının (U-17) baş məşqçisi Rafik Amirəv deyib.

Bakıda II Caspian Cup beynəlxalq turniri çərçivəsində millimizə böyük hesabla uduzan (1:5) rəqib komandanın çalışdırıcısı oyunla bağlı bunları deyib: “Say azlığında qaldıqdan sonra isə məğlubiyyətimiz qaçılmaz oldu. Hesabı açmağımıza baxmayaraq, böyük hesabla uduzduq. Növbəti oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq”.

Millimizin baş məşqçisi Təbriz Həsənov isə bildirib ki, xətlərarası əlaqələrin gücləndirilməsinə ehtiyac var: “Xeyli qol epizodu yaratsaq da, bir çoxundan yararlana bilmədik. Qələbəyə görə futbolçulardan heç birini xüsusi fərqləndirmək istəmirəm. Uğur qazanılanda hər kəsin payı, məğlubiyyətlə üzləşəndə isə hər birimizin günahı olur”.
Affa.az