Alman klubu rəsmiləri Vüqar Nadirovun oyununu izlədilər
30.05.2012 - 22:15
Alman klubu rəsmiləri Vüqar Nadirovun oyununu izlədilər
Millimizin futbolçusu Vüqar Nadirov Almaniyanın “Dinamo” klubunun maraq dairəsinə düşüb. Apasport.az saytının Frankfurta ezam olunmuş əməkdaşının məlumatına görə, II Bundesliqa təmsilçisi olan Drezden klubu “Qarabağ”ın 25 yaşlı hücumçusunun yığmanın heyətində Andorra ilə Almaniyada qolsuz nəticələnən yoldaşlıq görüşünü stadiondan izləyib.

Millimizin almaniyalı baş məşqçisi Berti Foqts bu məlumatı təsdiqlədi: “Həmyerlilərimizin Vüqarın oyununu izləməyi haqda məlumatım var. Ancaq burada təkcə Bundesliqa yox, Norveçin, Türkiyənin isə 4 klubunun nümayəndələri vardı. Onlar komandamızın futbolçuları ilə maraqlanırlarsa, deməli, onlar səviyyəlidirlər”.

Foqtsdan futbolçularımızla maraqlananlardan nə məsləhət verəcəyini soruşduq: “Məndən hər azərbaycanlı futbolçu haqda soruşanda, yalnız müsbət fikirlərimi bildirəcəyəm. Azərbaycan yığmasının futbolçularının xaricdə oynamağını istərdim. Klublar da buna çalışmalıdırlar. Futbolçular xaricdə oynayanda, həm özləri, həm də bunadək çıxış etdiyi klublar həzz alacaqlar”.

Qeyd edək ki, hələ ki legioner həyatı yaşamayan Vüqar Andorra ilə matçda əsas heyətdə meydana çıxaraq, sona 20 dəqiqə qalmış əvəzlədi. O, yarımmüdafiənin sol cinahından hücuma dəstək verirdi.

Mehman SÜLEYMANOV
Frankfurt