Aleksandr Çertoqanov: Belə rəqibə qalib gəlməmək – pisdir
30.05.2012 - 23:14
Aleksandr Çertoqanov: Belə rəqibə qalib gəlməmək – pisdir
“Belə götürəndə, normal oynadıq. Ancaq qol vura bilmədik”. Bu fikirləri apasport.az saytının Almaniyaya ezam olunmuş əməkdaşına Azərbaycan yığmasının futbolçusu Aleksandr Çertoqanov deyib.

Milliləşdirilən ukraynalı futbolçu Andorra ilə qolsuz bərabərliklə nəticələnən yoldaşlıq görüşündəki nəticəyə görə bəhanə gətirməyin yeri olmadığını bildirib: “Əlbəttə, qol epizodlarından 1 dəfə də olsun istifadə etməmək üzücüdür. Özümüzə haqq qazandırmaq olmaz. Səviyyəsinə görə belə zəif rəqib, bu qədər qol imkanı, ancaq sonda qalib gəlməyəsən. İkiqat üzücü hal odur ki, qol vura bilməməklə yanaşı, qələbə qazana bilmədik”.

Çertoqanovun fikrincə, ustalıq səviyyələrinin yetərli olmamağı özünü göstərib: “Özünüz gördünüz ki, bəxtimiz nə qədər gətirmədi, top neçə dəfə dirəyə dəydi, 2 metrdən qapıya düşmədik. Əlbəttə, ustalıq səviyyəsi çatmadı. Çünki bir neçə vəziyyətdən qayıdan topu dəqiq vurmaq lazım idi. Ümumilikdə, belə rəqibə qalib gələ bilməməyimiz pisdir”.

Yarımmüdafiəçi rəqibin zəif olmağına görə meydana arxayın çıxmadıqlarını bildirib: “Andorra ilə oynadığımıza görə qətiyyən arxayınlaşma yox idi. Əksinə, oyunda qələbəyə köklənmişdik. Meydana motivasiya ilə çıxmışdıq. Bilirdik ki, Fələstinə uduzandan sonra Andorraya qalib gəlmək lazım idi. Buna görə də oyuna ciddi hazırlaşmışdıq. Həm ilk, həm də 2-ci hissədə hücum etdik. Sadəcə, Andorra yığmasının oyun sistemi elədir ki, bütünlüklə arxaya çəkilirlər. Biz də boşluqlar axtarıb, qol vurmağa çalışırdıq. Ancaq bu, bizdə alınmadı. Bəzi epizodlarda bəxtimiz gətirmədi. Əlbəttə, Andorra ilə heç-heçə oynayandan sonra nəsə demək, özünə haqq qazandırmaq çətindir”.

Mehman SÜLEYMANOV
Frankfurt