Uğur Pamuk: Özümü göstərə bilmədim
30.05.2012 - 23:35
Uğur Pamuk: Özümü göstərə bilmədim
“Oyunda xeyli qol şansımız olsa da, fərqlənə bilmədik. Belə komandanı 2:0, 3:0 hesabı ilə udmalı idik”. Bu fikirləri apasport.az saytının Almaniyaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan millisinin debütantı Uğur Pamuk deyib.

Bu ildən ölkəmizdə çıxış edən 23 yaşlı yarımmüdafiəçi “Sumqayıt”ın şərəfini qoruyur.

Milliyətcə türk, əslən Azərbaycandan olan Uğur artıq yığmamızda da “siftə etdi”. Bu, futbolçunun yaşadığı Almaniyada Andorra yığması ilə 0:0 hesabı ilə nəticələnən yoldaşlıq görüşümüzdə reallaşdı: “Son 20 dəqiqədə meydana girdim. Özümü çox göstərə bilmədim, ancaq 20 dəqiqəyə görə oyunumdan razıyam. Daha yaxşı ola bilərdi. İnşallah, gələcəkdə yaxşı olar. Seçmə mərhələdə milliyə dəvət olunmağım üçün məşqlərdə, yoldaşlıq görüşlərində özümü göstərməliyəm. Yığmanın məşqlərində iştirak etdim, baş məşqçi mənə 20 dəqiqə şans verdi. Gələcəkdə necə olacağına baxacağıq. Allahın köməyi ilə irəlidə yenə dəvət alaram”.

Mehman SÜLEYMANOV
Frankfurt