Elnur Allahverdiyev: Çox pisəm
31.05.2012 - 00:06
Elnur Allahverdiyev: Çox pisəm
“Oyuna çox ciddi yanaşırdıq. Yaponiyaya məğlubiyyətdən sonra hamı Andorra millisi ilə qarşılaşmada bizdən qələbə gözləyirdi. Meydana da məhz bu məqsədlə çıxmışdıq”. Bu fikirləri apasport.az saytının Almaniyaya ezam olunmuş əməkdaşına Azərbaycan yığmasının futbolçusu Elnur Allahverdiyev deyib.

Mərkəz müdafiəçisi millimizin Frankfurtdakı təlim-məşq toplanışını başa vurduğu Andorra yığması ilə yoldaşlıq görüşündə qalib gəlməməyimizin səbəblərindən danışıb: “Nə qədər imkanlarımız oldu, ancaq qol vura bilmədik. Udmamağımıza görə çox heyfsilənirəm. Siz də gördünüz ki, nə qədər qol imkanlarımızdan istifadə edə bilmədik. Mənə elə gəlir ki, çox işləməliyik. Qarşıda seçmə mərhələ oyunları var. İnşallah, həmin vaxt qələbələrimizlə belə pis oyunlarımızı unutdurmalıyıq”.

Elnur “cırtdan ölkə” təmsilçisi ilə 0:0 hesablı bərabərliyimizə görə onun kimi aşağı səviyyədə olduğumuzu düşünmür: “Məncə, bu heç-heçə o demək deyil ki, biz zəifik. Mən elə fikirləşmirəm. Qalib gəlməməyimizin səbəbini qol imkanlarını vura bilməməyimizdə görürəm. Bunu yalnız məşq edib, səhvləri düzəltmək lazımdır”.

Allahverdiyevdən azarkeşlərin millidən küskünlüyünü qaytarmaq üçün onların nə etməli olduqlarını soruşduq: “Bunun üçün yalnız seçmə mərhələdə yaxşı oyunlarla başlayıb, qələbə qazanmaq lazımdır. Azarkeşlər bu nəticədən sonra niyə milli komandamıza inanmırlar? Bu, futboldur, yoldaşlıq oyunudur. Andorranı uda bilmədiyimizə görə mən özüm də həqiqətən çox pisəm. Ancaq bu, həyatdır, bir günlə yaşamaq olmaz. İnşallah, gələcək oyunlarda uğur qazanıb, hər şeyi unutdurmaq olar”.

Mehman SÜLEYMANOV
Frankfurt