Uğur milli komandamızda 179-cu oldu
31.05.2012 - 08:15
Uğur milli komandamızda 179-cu oldu
Azərbaycan yığmasında forma geyinən futbolçuların sayı 179-a çatıb. Apasport.az saytının məlumatına görə, 20 illik tarixində 186-cı matçını keçirən millimizdə növbəti futbolçu debüt edib. Bu, milliləşdirilən daha bir türkiyəli futbolçu – Uğur Pamukdur. “Sumqayıt”ın 23 yaşlı yarımmüdafiəçisi Andorra yığması ilə mayın 30-da Almaniyada qolsuz bərabərliklə nəticələnən yoldaşlıq görüşünün 70-ci dəqiqəsində Vüqar Nadirovun yerinə meydana daxil olub.

Millimizin bundan əvvəlki oyununda Şizuoka şəhərində Yaponiya ilə yoldaşlıq matçının start heyətində yer alan milliləşdirilən türkiyəli müdafiəçi Əli Gökdəmirə qədər 177 futbolçu yığmanın rəsmi görüşlərində meydana çıxmışdı. Uğur baş məşqçi Berti Foqtsun 2012-ci ildə debüt şansı verdiyi 9-cu oyunçudur. Əliyədək Rizvan Umarov, Vüqar Əsgərov və Murad Ağayev Sinqapurla fevralın 24-də, Bədavi Hüseynov, Hacı Əhmədov, Arif Daşdəmirov Hindistanla fevralın 27-də, Cihan Özkara isə Fələstinlə fevralın 29-da baş tutmuş yoldaşlıq görüşündə oynamışdı. Pamuk eyni zamanda yığma tarixində 31-ci milliləşən futbolçu oldu. Bunadək yığmamızda 9 ölkədən 30 əcnəbi forma geymişdi.