Taner Alpak: “Bakı” ilə qarşılaşmağı çox istərdim - MÜSAHİBƏ
31.05.2012 - 12:58
Taner Alpak: “Bakı” ilə qarşılaşmağı çox istərdim - MÜSAHİBƏ
Bu gün 15 yaşadək futbolçular arasında I Qəbələ Kuboku start götürüb. Turnirin iştirakçılarından olan Türkiyənin “Qalatasaray” komandası ilk oyunda İspaniya təmsilçisi “Vilyareal”la qarşılaşdı. 1:1 hesabı ilə yekunlaşan oyundan sonra “sarı-qırmızılar”ın baş məşqçisi Taner Alpak apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- İlk oyunla bağlı nə düşünürsünüz?
- İlk qarşılaşmalar həmişə çətin olur. Həm də unutmaq olmaz ki, rəqib İspaniya təmsilçisi idi. İspan futbol məktəbinin gücünü hamı bilir.

- Belə çıxır ki, nəticəni qənaətbəxş hesab edirsiniz?
- Hələ qarşıda 2 oyunumuz var. Hər şeyə bu matçlarda aydınlıq gələcək.

- Növbəti rəqib “Qəbələ”dir...
- Biz qardaş komanda ilə oynayırıq. Kimin qələbə qazanmasının fərqi yoxdur.

- “Qəbələ” sizdən əvvəl oynayırdı. Bu matçı izləyirdiniz?
- Təbii ki, rəqibin oyununu seyr etdim. İlk turdakı qələbə ilə göstərdi ki, yaxşı komandadır.

- Rəqibinizin heyətində hansı futbolçunu bəyəndiniz?
- Matçı tam yox, epizodlarla izlədim. Bu üzdən kimisə fərqləndirə bilmərəm. Amma ümumilikdə komanda xoş təsir bağışladı. Elə nəticə də bunu göstərir.

- Turnir haqda nə düşünürsünüz?
- Çox yaxşı təşkil olunub, yaxşı ideyadır. Biz qardaş ölkədə, öz evimizdə oynadığımıza şadıq. Ümid edirəm ki, indi ilk dəfə keçirilən yarış ənənəvi xarakter daşıyacaq və növbəti illər də təşkil olunacaq.

- Komandanızı növbəti illərdə də bu turnirdə görə biləcəyik?
- Əlbəttə. Qarşıdakı illərdə də dəvət almağa şad olarıq.

- Bəs bu dəfə təklif alanda necə qarşıladınız?
- Bizə bu turnir haqda deyən kimi təklifi qəbul etdik. Bilirsiz ki, Əli Yavaş hazırda Qəbələdə çalışır. Onun “Qalatasaray” və Türkiyə üçün yetişdirdiyi futbolçuları hamı tanıyır.

- “Qalatasaray”da nə vaxtdan çalışırsınız?
- Mən əsas komandada da olmuşam. O vaxt baş məşqçi Bülənt Korkmaz idi. Həmin vaxt məşqçilər korpusunda yer almışdım. Hətta onunla “Bakı”da da işləmişəm. Hardasa 5 ay.

- Komandadan ayrılandan sonra “Bakı”nın çıxışı ilə maraqlanmısınız?
- İnanın ki, o qədər sıx qrafiklə çalışıram ki, buna vaxt olmur.

- Yəqin bu turnirə “Bakı” da qatılsaydı, onlarla qarşılaşmaq sizin üçün maraqlı olardı?
- Təbii ki, çox istərdim. Amma nə etmək olar? Onlar bu dəfə oynamır. İnşallah, gələn il bəlkə də onlar da bizə rəqib oldu.

- Turnirin əsas favoriti kimi sayırsınız?
- Təbii ki, özümüzü. “Qalatasaray” hər yerdə I yerə iddialıdır.

- İndiki heyətdən əsas komandaya namizəd futbolçu varmı?
- Elə bizim işimiz əsas komandaya futbolçu yetişdirməkdir. Komandamızın əksər üzvləri gələcəkdə “Qalatasaray”ın ulduzu olmağa namizəddir.