Legioner oğurluğu: Yalnız “Qarabağ”la “Rəvan”ın heyəti təmizdi
31.05.2012 - 23:02
Legioner oğurluğu: Yalnız “Qarabağ”la “Rəvan”ın heyəti təmizdi
Eyni ölkəni təmsil edən klubların bir-birlərinin oyunçularına göz dikmələri bütün dünyada adət halını alıb. Kimisi öz xoşu ilə, kimisi isə məcburiyyətdən tapıb gətirdiyi əcnəbinin və ya yetişdirdiyi yerli futbolçunun rəqib komandaya keçidinə razılıq verir. Lakin ümumi cəhət odu ki, bu cür transferlər ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.

Bizim klubların bəxti onda gətirib ki, onlar geniş azarkeş kütləsinə sahib deyillər və ona görə də bu cür alış-veriş həyata keçirəndə təzyiqlə qarşılaşmırlar. Amma ara-sıra narazılıqlar da müşahidə olunur. Xüsusən də legionerlərlə bağlı.

Məsələn, ötən mövsümün sonunda Uinston Parksın "Bakı"ya gedişinə etiraz əlaməti olaraq, "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov "digər klublar səviyyəli legionerlər tapa bilmirlərsə, məcburdular ki, bizdən götürsünlər" - deyərək, rəqiblərin bostanına daş atmışdı. Nadirovun atmacası öz yerində, klublarımız yenə də rəqiblərin tapıb gətirdikləri əcnəbiləri öz heyətlərinə qatmaqda davam edirlər. Sonuncu mövsümə yenicə yekun vurulsa da, artıq 6 yadelli - Georgi Adamiya, Tales Şütz, Slavko Georgievski, Kristian Torres, Tagim Novruzov və Julius Vobay ölkəmizdə iş yerini dəyişməyə macal tapıb. Özü də onlardan 3-ü "İnter"ə üz tutub (Sport Ekspress).

Ümumiyyətlə, elita təmsilçilərinin mövcud heyətlərinə nəzər salarkən 2 komandanın - "Rəvan" və "Qarabağ"ın düşərgəsində başqa klubda forma geyinən legionerə rast gəlmirik. Bakılılar Sergey Artyuxla Kristian Torresi, ağdamlılarsa Georgi Adamiyanı yola saldıqdan sonra heyəti "təmizləyib". Rəqib klubların tapıntılarından ən çox yararlanan klub isə "İnter"di. "Bankirlər"in düşərgəsində bu qəbildən olan futbolçuların sayı 6-dı.

İnter

Valeri Abramidze.
"İnter" gürcü müdafiəçinin ölkəmizdəki 3-cü klubudu. 2005-ci ildə Ağasəlim Mircavadovun "Neftçi"yə cəlb etdiyi Abramidze bir il sonra təcrübəli mütəxəssisə qoşularaq "Xəzər Lənkəran"a keçdi. Lakin tale elə gətirdi ki, o, ölkəmizi tərk etməli oldu və bir də 2009-cu ildə yenidən yerli klubla, daha doğrusu, sabiq komandası "Neftçi" ilə anlaşdı. Amma burada cəmi bir mövsüm keçirən gürcü "İnter"ə üz tutdu.

Arif Daşdəmirov.
Yığmamızın milliləşdirilmiş dağıstanlı futbolçusu "İnter"ədək ölkəmizdə bir neçə fərqli komandanın şərəfini qoruyub. "Şahdağ"dan başlayan Daşdəmirov sonradan ardıcıl olaraq, "MKT-Araz", "Masallı", "Olimpik" və "Qəbələ"nin formasını geyinib.

Baçana Sxadadze. Kaxaber Sxadadze "Standard"da işlədiyi dönəmdə oğlunu da komandasına cəlb etmişdi. Lakin sonradan hər ikisi ölkəmizdən getmək məcburiyyətində qaldılar. Amma gürcü mütəxəssis "İnter"in "sükanı arxasına" keçdikdən sonra Baçananı da yanına gətirdi.

Georgi Adamiya. Sonuncu 2 mövsümü "Qarabağ"da keçirən gürcü "Neftçi" azarkeşlərinin unutmadığı bir futbolçudu. Adamiya 2004-cü ildə transfer olduğu flaqmanın şərəfini 4 il qorudu və "ağ-qaralar" üçün faydalı işlər gördü. 2008/09 mövsümündə "Bakı"nın formasını geyən Georgi 2010-cu ildə "Qarabağ"a transfer olundu. Lakin Ağdam klubu bu il avrokuboka düşə bilməyincə Adamiya "İnter"ə - həmvətənlərinin yanına getdi.

Tales Şütz. Ötən yay AZAL-ın heyətinə qatdığı polşalı hücumçu üçün ölkəmizdə debüt mövsümü uğurlu alındı. Düzdü, "təyyarəçilər" avrokuboka vəsiqə qazana bilmədilər. Lakin Şütz vurduğu 10 qolla bacarığını ortaya qoya bildi. Elə məhz bu səbəbdən də "İnter" onu AZAL-dan "oğurladı".

Slavko Georgievski. "Neftçi"nin makedoniyalı dayaq yarımmüdafiəçidən hansı səbəbdən imtina etməsi hələ də qaranlıq qalır. Paytaxt klubuna 2010/11 mövsümünün əvvəlində, Arif Əsədovun dövründə gələn və "ağ-qaralar"la 2 çempionluq yaşayan Georgievski yalnız yaxşı sözlərə layiqdi. Lakin nədənsə "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev ona ehtiyac duymadı. Belədə "İnter" böyük məmnuniyyətlə yarımmüdafiəçini heyətinə qatdı.

Xəzər Lənkəran

Branimir Subaşiç. 2005-ci ildə "Neftçi"yə transfer olunan serb futbolçu 3 il ərzində həm azarkeşlərin sevimlisinə çevrildi, həm də milliləşdirildi. Lakin sonradan "Srvena Zvezda" ilə anlaşan Subaşiç ölkəmizi tərk etdi. Amma onun yoxluğu uzun sürmədi. 2010/11 mövsümünün əvvəlində "Qəbələ"yə keçən Branimir burada çox duruş gətirmədi və Mirça Rednikin dəvəti ilə "Xəzər Lənkəran"a keçdi.

Stevan Bates. Qışda Cənub klubuyla anlaşan müdafiəçi ölkəmizdə "Bakı"dakı çıxışıyla tanınıb. Onun Lənkəranda işləri o qədər də uğurlu getmir və yəqin ki, tezliklə geri göndəriləcək.

Sumqayıt

Andrey Popoviç. Debütantın heyətində legioner futbolçu olmasa da, komandada milliləşdirilmiş yadellilərə rast gəlmək mümkündü. Onların arasında ən diqqət çəkəni artıq Berti Foqtsun əsas yığmaya da cəlb etdiyi Popoviçdi. Andreyi digərlərindən fərqləndirən cəhət odu ki, ukraynalını ölkəmizə hansısa klub yox, aşağı yaş qrupları üzrə yığma komandalarımıza rəhbərlik edən Bernard Raab gətirib. Həmin vaxt Popoviç vətənində "Metallurq"un formasını geyinirdi. Hazırda "Sumqayıt"ın şərəfini qoruyan gənc qapıçı müqavilə ilə "Bakı"ya məxsusdu.

Timur İsrafilov. Dağıstanlı futbolçu da millimizin seleksiyaçılarının tapıntısıdı. İlk gəldiyində bir müddət "Qarabağ"ın heyətində yer alan Timur sonradan Rusiyaya döndü. Lakin qısa fasilədən sonra ölkəmizə qayıdıb, "Abşeron"la anlaşdı və orada bir il top qovdu. Lakin yarımada təmsilçisi dağılınca, o, "Sumqayıt"a üz tutdu.

Ruslan Qurbanov. Öncə millimizə cəlb olunan dağıstanlının ölkəmizdəki ilk klubu "Neftçi" olub. Lakin gənc və təcrübəsiz olduğundan, üstəlik zədədən əziyyət çəkdiyindən "ağ-qaralar" onu "Sumqayıt"a icarəyə verib.

AZAL

Viktor İbekoyi. 2006-cı ildə "Turan"a gələn nigeriyalı növbəti mövsümü "Qarabağ"da keçirib yenidən Tovuza qayıtdı. 2009-cu ildə AZAL-la anlaşan İbekoyi hələ ki, "təyyarəçilər"ə xidmət edir.

Tagim Novruzov. Bugünlərdə "Rəvan"ı AZAL-a dəyişən dağıstanlı yarımmüdafiəçini bizə tanış edən aşağı yaş qrupları üzrə millimizin seleksiyaçılarıdı. Tagim yeni gələndə onu MOİK-ə verdilər. Lakin "hərbiçilər" I divizona yuvarlandıqdan sonra Novruzov "Muğan"la anlaşdı. Ardından "Rəvan"a "köç edən" Tagim indi də Vaqif Sadıqovun tapşırıqlarını yerinə yetirəcək.

Turan

Muammer Erdoğdu. Türkiyəli futbolçunu həmyerlisi Rasim Kara ölkəmizə gətirib. Əvvəlcə "Qarabağ"da top qovan futbolçu sonradan "Xəzər-Lənkəran"a, ardından isə "Turan"a üz tutdu. Bir müddət "Kəpəz"də top qovan Erdoğdu sonra yenidən Tovuza döndü.

Aleksandr Qoqoberişvili. 2005-ci ildə "Bakı"ya transfer olunan gürcü yarımmüdafiəçinin növbəti komandası "Qarabağ" olub. Lakin o, 2008-ci ildə keçdiyi komandanı çox keçməmiş "Olimpik"ə dəyişdi. Bundan sonra vətəninə dönən Qoqoberişvilinin ölkəmizdəki yeni iş yeri "Turan" oldu.

Bakı

Uinston Parks. Parksın transferi hələlik "Bakı"nın "Xəzər-Lənkəran"a vurduğu son zərbədi. "Zolaqlılar" XIX milli çempionatın sonunda heç kimin gözləmədiyi halda debüt mövsümündə Cənub təmsilçisinin aparıcı simasına çevrilən kosta-rikalı hücumçunu rənglərinə qatdı. Lakin Parksın ümidləri doğrultmadığını da qeyd etməliyik.

Qəbələ

Aleksandr Çertoqanov. Ötən yay "Qəbələ"yə keçən ukraynalı indiyə kimi 4 fərqli yerli komandanın formasını geyinib. 2004-ci ilə "Bakı" ilə anlaşan milliləşdirilmiş futbolçu ötən müddət ərzində "Neftçi", "Simurq" və "İnter"in uğurları üçün tər töküb.

Simurq

Kristian Torres. Argentianlı futbolçu 3 il öncə "Qəbələ"nin vasitəçiliyi ilə ölkəmizə gəldi. Lakin ötən yay iş yerini dəyişmək məcburiyyətində qalan Torres "Rəvan"a üz tutdu. Növbəti mövsümdə isə onu başqa bir komandanın - "Simurq"un heyətində görəcəyik.

Kəpəz

Junivan Suares. 2005/06 mövsümündə "Turan"ın heyətində "siftə" edən braziliyalı daha sonra "Olimpik"in şərəfini qorudu. Onun hazırkı "dayanacağı" isə "Kəpəz"di. Junivan artıq 2 mövsümdü Gəncə klubunun uğurları üçün tər tökür.

Neftçi

Julius Vobay. Syerra-Leone yığmasının üzvü hələ flaqmanda debüt etməyib. Transfer məsələlərində problem ortaya çıxmasa, yəqin ki, ölkəmizə "Xəzər Lənkəran"ın gətirdiyi bu futbolçunu "Neftçi"nin formasında görəcəyik.