Ceyhun Sultanov: Hamı “Sumqayıt”ın gücünü görəcək - MÜSAHİBƏ
01.06.2012 - 16:56
Ceyhun Sultanov: Hamı “Sumqayıt”ın gücünü görəcək - MÜSAHİBƏ
“Sumqayıt”ın yeni transferi Ceyhun Sultanov klubun rəsmi saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, yarımmüdafiəçi Sumqayıt təmsilçisini seçməsinə aydınlıq gətirib.

- “Sumqayıt”ın futbolçusu kimi ilk təəssüratlarınız necədir?
- Təxminən 2 həftə əvvəl “Sumqayıt” rəhbərliyi ilə görüşüm oldu. Bu klubun strategiyası ilə tanış olduqdan sonra danışıqlara başladım. Açığı, layihəni çox bəyəndim. Sumqayıt Azərbaycanın futbol ənənələri ilə zəngin olan şəhərdir. Bu şəhər hər zaman ölkə futboluna əvəzolunmaz futbolçular bəxş edib. Gənclərlə işləmək bizim kimi təcrübəli futbolçular üçün olduqca maraqlıdır. Gizlədəcək bir şey yoxdur. Mən “Sumqayıt”la uzun müddət əməkdaşlıq etmək niyyətindəyəm.

- “Sumqayıt”ın strategiyasını bilirsiz. Gənclərdən qurulmuş və gələcəyə hesablanmış komandadır. Gənclərdən qurulmuş klubda əsas işiniz və məqsədiniz nə olacaq?
- Komandada məndən başqa, Samir Abasov və Aftandil Hacıyev kimi futbolçular yer alır. Hər 2 futbolçu ilə vaxtilə bir komandada oynamışam. Düşünürəm ki, gənclərin yetişməsində və təcrübə toplamasında bizim də əməyimiz olacaq. Ölkə futbolunun inkişafını istəyiriksə, mütləq gənclərə dəstək olmalıyıq. Qaldı ki, “Sumqayıt”dakı işimə, çalışacağıq ki, klubu daha yüksək pillələrə qaldıraq.

- Son 2 ildə “Kəpəz”də çiyin-çiyinə oynadığın Sabir Allahquliyev də “Sumqayıt”la anlaşıb...
- Sabir öz üzərində çalışan futbolçudur. Sumqayıtlı olması onun gələn mövsüm daha məsuliyyətli çıxış etməsi üçün əlavə üstünlükdür. Düşünürəm ki, Sabir “Sumqayıt” üçün uğurlu seçimdir.

- Yeni mövsüm “Sumqayıt”ı hansı pillədə görürsüz?
- “Sumqayıt” 2011/2012 mövsümündə də yaxşı çıxış etdi. Komanda gənclərdən qurulduğu üçün təcrübəsizlik öz sözünü dedi. Komandanın özəyi olan gənclər artıq bir ildə kifayət qədər təcrübə toplaya bilib. Üstəlik, bu ilin transferlərini həmin komandaya əlavə etsək, döyüşkən kollektivin yarandığını deyə bilərəm. İnşallah, növbəti mövsümdə hamı “Sumqayıt”ın gücünü görəcək.

- Sonda sumqayıtlı azarkeşlərə nə demək istərdiniz?
- Biz əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sevindirək. Stadiona gedərkən arenadakı təmir işlərinə diqqət yetirdim. Sumqayıt stadionunun əsaslı təmiri futbolsevərlər üçün artıq sevindirici xəbərdir.