“Berti Foqtsun qarşısına məqsəd qoyulub”
01.06.2012 - 17:30
“Berti Foqtsun qarşısına məqsəd qoyulub”
AFFA prezidenti Rövnəq Abdullayev Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Sicinava ilə görüşdən sonra brifinq keçirib. Apasport.az saytının Gürcüstana ezam olunmuş əməkdaşının məlumatına görə, azərbaycanlı jurnalistlərin suallarını cavablandıran Abdullayev öncə 2020-ci il Avropa çempionatının Gürcüstanla birgə keçirmək təklifi haqda fikirlərini bildirib.

- Bu gün AVRO-2020 ilə bağlı artıq rəsmi elanımızı verdik və hamınızı bu münasibətlə təbrik edirik. Bildiyiniz kimi, 2 federasiya iyunun 30-dək proqram hazırlayacaq və həmin vaxt UEFA-ya tərtib olunmuş sifariş ərizəsini verəcəyik. Bu, böyük bir hadisədir və bütün gücümüzlə çalışacağıq. İnanıram ki, istəyimizə çatacağıq. Bildiyiniz kimi, həm Azərbaycan, həm də Gürcüstan dövləti bu ideyanı bunun dəstəkləyir. Avropa çempionatını Azərbaycana salmaq üçün əlimizdən gələni edəcəyik və bunu yüksək səviyyədə keçirmək fikrindəyik. Deyərdim ki, bu, bizim regiona üçün müstəqillikdən sonra ən böyük hadisələrdən biri ola bilər.

- İşçi Qrupunun tərkibi nə vaxta müəyyənləşəcək?
- Bunda problem yoxdur. Yəqin ki, gələn həftəyə hazır olar. Bu, AFFA-nın baş katibi və mütəxəssislərdən ibarət olacaq. Gürcülər burada çalışacaq, infrastrukturla bağlı hazırlıq görəcəklər. Bizimkilər də eyni işi Azərbaycanda edəcəklər. Arada görüşüb, müzakirələri birləşdirib, infrastrukturla bağlı birgə təkliflərimizi hazırlayacağıq.

- Final mərhələsini keçirməklə bağlı 9 stadion olmalıdır. Kimə 5, kimə 4 stadionun düşməsilə bağlı problem yaşanmaz ki?
- Bu, problem deyil. UEFA-da təsnifat var: 60, 50, 40 minlik stadionlar. Qitə futbol qurumu bunlara baxacaq. Əsas bu işi görək, harada açılışı, harada final olacaq, bu, sonra həll olunar.

- Milli komandamızın növbəti seçmə mərhələdə mübarizəyə başlamasına az qalıb. Həmin sınaqdan nə gözləyirsiniz? Son yoldaşlıq görüşləri haqda da fikirlərinizi bilmək istərdik...
- Yığmadan çox şey gözləyirəm. Əsas hədəfimiz 2016-cı il Avropa çempionatının final mərhələsinə düşməkdir. Bildiyiniz kimi, baş məşqçi Berti Foqtsun qarşısında əsas məqsəd Azərbaycanda gənc – 20 yaşına kimi futbolçuları üzə çıxarmaq və onların gücünü yoxlamaqdır. Yaponiya ilə yoldaşlıq görüşündə millimizin orta yaş həddi 23 olub ki, bu da bizim üçün çoxdur. Çalışırıq ki, əsas qüvvəmizi 19-20 yaşa kimi futbolçulara çıxarmağa yönəldək. Bildiyiniz kimi, Bakıda keçirilən “Caspian Cup”da U-17-miz çox gözəl nəticələr göstərib. İnanıram ki, Avro-2016-da qarşımıza qoyduğumuz məqsədə çatacağı və nəticə göstərməliyik.

- Klublarımız üçün növbəti avrokubok mövsümü başlayır. AFFA prezidenti kimi, iyulda başlayacaq avrokuboklarda komandalarımızdan nə gözləyirsiniz?
- Qələbə. Klublara çəkilən zəhmətimizin axırı Avropada çıxışlardır. İnanıram ki, klublarımız avrokubokların seçmə mərhələ yarışlarında nəticə göstərə biləcəklər. Bir az bəxt amili də var ki, püşkdə bizə hansı rəqib düşəcək. İnanırıq ki, püşkdə normal rəqiblər çıxacaq ki, bir neçə mərhələ adlaya bilsinlər. Klublarımızın Avropada nəticə göstərəcəklərinə inanıram.

Mehman SÜLEYMANOV
Batumi