“Vilyareal”ın baş məşqçisi Azərbaycandan danışdı
01.06.2012 - 20:10
“Vilyareal”ın baş məşqçisi Azərbaycandan danışdı
“İlk dəfədir Azərbaycandayam. Lakin ölkəniz haqda məlumatım var”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniyanın “Vilyareal” klubunun baş məşqçisi Eder Sarabia deyib.

Əvvəllər Bilbaonun “Atletik” klubunda çalışan, son bir ili indiki komandasında işləyən çalışdırıcı I Qəbələ Kuboku haqda fikirlərini açıqlayıb.

O, azərbaycanlı jurnalistlərə müsahibəsində turnir haqda yüksək fikirdə olduğunu bildirib: “Bunu “Avroviziya” musiqi yarışması ilə bağlı toplamışam. Üstəlik, internetdən də Azərbaycan haqda məlumat yığmışam. İspaniyanın millinizlə oyunu da müəyyən təsəvvür formalaşdırıb. Açığı, belə şəraitlə qarşılaşacağımızı gözləmirdim. Meydan sahibinin heyətində hansısa oyunçunu fərqləndirə bilmərəm. Bu şərait də pis deyil. Belə vəziyyətdə yaxşı oyunçu yetişdirmək olar. Məşq prosesləri düzgün getsə, nəticə də olacaq. “Brondbü” ilə oyunda səhvlərimiz oldu. Bu da sonda həlledici mərhələyə çıxmaq şanslarımızı əngəllədi. Lakin gərgin qrafiklə oynayan komandalarda bu normal haldır”.