Elxan Məmmədov: Hərdən tələb edirəm ki... - MÜSAHİBƏ
01.06.2012 - 23:00
Elxan Məmmədov: Hərdən tələb edirəm ki... - MÜSAHİBƏ
AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytının Gürcüstana ezam olunmuş əməkdaşına müsahibəsi

- Öncə Gürcüstan Futbol Federasiyası ilə AFFA rəhbərliyi arasında keçirilən görüşlə bağlı fikirlərinizi bilmək istərdik.
- Çox gözəl tədbir keçirdik. İclasın nəticəsi kimi, birgə niyyətlərimizi açıqladıq, AVRO-2020 ilə bağlı fikirlərimizi bildirdik. Hər 2 federasiyanın baş katibləri tərəfindən müvafiq iş planı hazırlanacaq və növbəti 10 gün ərzində İşçi Qrupu təklifini irəli sürəcək. Bundan sonra konsepsiya, qarşılaşmaların keçiriləcəyi şəhərlər üzərində işləyəcəyik. Biz hansı şəhərləri düşündüyümüzü federasiya prezidentlərinə təklif edəcəyik. Təbii ki, bundan sonra bütün siyasi, sosial, coğrafi, demoqrafik təhlil aparıldıqdan sonra prezidentlər müvafiq qərar qəbul edəcəklər.

- Adətən belə işlərlə baş katiblər məşğul olduğundan, bundan sonra əsas ağırlıq sizin üzərinizə düşəcək. AVRO-2020-ni keçirmək şansını qazanmaq üçün təşkilatı işlərdə əsas diqqəti nəyə yönəldəcəksiniz?
- Öncə düşünməliyik ki, üstünlük nədə ola bilər. İndi ilk mərhələdə bunu demək çox çətindir. Təbii ki, növbəti mərhələdə biz bunu qeyd edəcəyik. Ancaq 2 prezident qeyd elədi ki, FİFA, xüsusilə də UEFA-nın yeni bir siyasəti var. Bu da ondan ibarətdir ki, yeni bölgələrə şans vermək, möhtəşəm tədbirləri, turnirləri keçirməyə imkanlar yaratmaqdır. FİFA-nın bu il 17 yaşadək qızlar arasında dünya çempionatının Azərbaycanda keçirilməsi bir, UEFA 17 yaşadək oğlanlar arasında 2016-cı il Avropa çempionatının Azərbaycanda keçiriləcəyi 2-ci bir gözəl nümunədir. Bu o deməkdir ki, UEFA bu gün yeni regionlara getməyə qorxmur, çəkinmir. Belə götürəndə, bu ay Avropa çempionatının keçiriləcəyi Polşa və Ukrayna da yeni regiondur.

- Yəni, UEFA prezidenti Mişel Platininin bu yöndə siyasətini dəstəkləmək lazımdır...
- Bəli. Ona görə də hesab edirəm ki, bu, xeyrimizə olan əsas amillərdən biridir. Biz UEFA üçün yeni regionuq və təbii ki, bu kimi tədbirlər infrastrukturun inkişafına çox böyük aktiv olacaq.

- İndi çoxlarını oyunların hansı şəhərlərdə keçiriləcəyi maraqlandırır. Təbii ki, bu, hələ bəlli deyil. Ancaq demək olar ki, Azərbaycan böyük şəhərlərə - Bakı, Gəncə, Lənkəran, Sumqayıta üstünlük verəcək?
- Adları çəkmək qətiyyən istəməzdim. Ancaq hər zaman nəzərə almalıyıq ki, həmin şəhərlərdə beynəlxalq hava limanı olmalıdır. Təbii ki, digər köməkçi infrastruktur sahələr.

- Bakı 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyini versə də, ilk mərhələdən keçə bilmədi. Belə demək olar ki, FİFA və UEFA-nın yürütdüyü siyasət Beynəlxalq Olimpiya Komitəsinin yürütdüyü siyasətdən fərqlənir?
- Beynəlxalq Olimpiya Komitəsi ilə beynəlxalq futbol qurumlarının siyasəti eyni deyil. Bildiyiniz kimi, Olimpiada bir şəhərdə keçirilir, ancaq futbolda bütün ölkə iştirak edir. Yəni, Bakı-2020-ni götürsək, bir şəhər nəzərdə tutulur, onun infrastrukturu, ancaq futbolda minimum 5-6 şəhər inkişaf etdirilir. 5-6 şəhər isə ölkə deməkdir.

- Belə demək olarmı ki, Yay Olimpiya Oyunları ilə müqayisədə Avropa çempionatını keçirmək daha asandır?
- Xeyr, yekunda eynidir. Çünki həmin şəhərlərdə otellər, beynəlxalq hava limanları olmalıdır. Axı tələblər tək stadionla yetərli deyil. Onu da unutmayaq ki, həmin şəhərdə stadion ətrafında məşq meydançaları da olmalıdır. Misal üçün, bizdə sentyabrda keçiriləcək dünya çempionatı üçün 6 stadion, 17 məşq meydançası nəzərdə tutulub.

- Açılış və final matçının hansı şəhərdə keçiriləcəyi də maraq doğuran əsas məsələlərdəndir. Azərbaycan üçün nüfuz baxımından bunun hansını keçirmək daha məqsədəuyğun olardı?
- Bunu heç müzakirə etməmişik.

- Bəs sizin bu məsələdə şəxsi fikriniz necədir?
- Bu məqamda şəxsi fikirlərə üstünlük vermək istəməzdim. Daha obyektiv danışmaq lazımdır. Hələlik bunu müzakirə etməmişik. Ancaq nə bizim, nə də Gürcüstan tərəfi üçün bunun fərqi var. Bizim üçün əsas odur ki, birlikdə bu işə start veririk, birgə qərar qəbul edirik və bu gün bizdə tam anlaşma var.

- Millinin Yaponiya və əsasən də Andorra ilə yoldaşlıq görüşlərindəki nəticələri necə dəyərləndirərdiniz?
- Öncə hesab edirəm ki, Yaponiya ilə yoldaşlıq görüşü keçirmək AFFA üçün böyük uğur idi. Bildiyiniz kimi, millimiz səfərdə daha inamsız oynayır. Ancaq evdə əksinə. Buna görə də biz yoldaşlıq görüşlərində səfər oyunlarına üstünlük veririk. Çox şadam ki, Yaponiyadakı stadiona 35 mindən çox azarkeş gəlmişdi. Doğrudan da stadionda çox gözəl, böyük bayram atmosferi idi. Təəssüflər olsun ki, həmin oyunda olmamışdım. Çünki FİFA-nın Konqresində idim. Şübhəsiz, televiziyadan baxdım. Təbii ki, heç-heçə, yaxud qələbə istərdim. Razılaşaq ki, biz Asiya çempionuna qarşı oynayırdıq. Yapon futbolçular Avropanın lider klublarında oynayırlar. Bunu unutmayaq. Hesab edirəm ki, bizim futbolçular üçün çox böyük təcrübə oldu. Andorra ilə matçda uğurlu nəticə gözləyirdik. Oyuna siz də baxdınız, həmin gün bəxt bizim tərəfimizdə olmadı.

- Bu, yığmamıza bəraət qazandırırmı? Nəzərə alsaq ki, dünyanın ən zəif komandasına qarşı oynayırdıq...
- Hər bir oyunda qol imkanlarından istifadə etmək lazımdır. Ola bilər beynəlxalq oyunda 1 şansın olsun, onu da vurmalısan. Çempionlar Liqasının final matçı bunu sübut etdi. “Çelsi”nin qol şansı vardı, reallaşdırmağı bacardı və kubok qazandı. Təəssüf ki, biz fürsətlərdən istifadə edə bilmədik. Ancaq bu da futbolçular üçün yeni bir təcrübə oldu. Zəif komandaya qarşı oynamağa baxmayaraq, ola bilər top qapıya girməsin, bəxtin gətirməsin, imkanlardan istifadə edə bilmirsən. Sonra tərsinə də ola bilər. Bunu nəzərə almaq lazımdır. Hesab edirəm ki, burada ən önəmlisi fürsətdən istifadə edərək, təcrübə qazanmaq və gələcəkdə eyni səhvləri buraxmamaqdır. Millidə son 2 oyunda orta yaş həddi 23 idi. Bu da bizə gələcəyin futboluna inamla baxmağa şans verir.

- AFFA bu nəticə ilə bağlı hansısa tədbir görəcək?
- Hər oyundan sonra baş məşqçi tərəfindən hesabat hazırlanır. Bu, şifahi də olur, yazılı da. İlin sonunda yazılı, yoldaşlıq görüşündə şifahi müzakirə edirik. Hərdən tələb edirəm ki, bu, yazılı olsun. Baş məşqçi ilə artıq bəzi məqamları müzakirə etdik.

Mehman SÜLEYMANOV
BATUMİ