“Vaqif Cavadov ancaq Azərbaycan yox, özün üçün də oynayır”
01.06.2012 - 23:03
“Vaqif Cavadov ancaq Azərbaycan yox, özün üçün də oynayır”
“Vaqif Cavadov 4 ay – fevral, mart, aprel, mayda – oynadı və çempionat qurtardı”. Bunu apasport.az saytının Gürcüstana ezam olunmuş əməkdaşına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

AFFA-nın İcraiyyə Komitəsi milli komandanın məşqçilər korpusuna Vaqif Cavadovun cəzasına yenidən baxılmağı ilə bağlı sorğu göndərmişdi. Bu ildən yenidən “Qarabağ”ın şərəfini qoruyan 23 yaşlı hücumçunun qayıdışı maraq doğurur.

Məmmədov Cavadovun gələcəkdə yığmaya dəvət ala biləcəyini istisna etmir: “Hesab edirəm ki, Vaqif ancaq Azərbaycan futbolu üçün yox, özü üçün də oynayır. Bu, onun işidir və ona peşəkarlıqla yanaşmalıdır. İnanıram ki, belə yanaşsa və gələcəkdə belə oyun göstərsə, məşqçilər korpusu ona yenidən diqqətlə yanaşacaq. Mən buna əminəm ki, onda Vaqif diqqətsiz qalmayacaq”.

Millimizin baş məşqçisi Berti Foqts futbolçuların çempionat bitəndən sonra məşq etməməyindən gileylənib. Baş katib futbolçuların işlərinə peşəkarcasına yanaşmağını vacib sayır: “Mən adlarla demək istəmirəm. Özünüz də oyunda görürsünüz ki, kim daha çox əzmkarlıq yanaşır, kimin fiziki göstərici daha yaxşıdır. Bu, o deməkdir ki, həmin insan, idmançı turnir, çempionat, təlim-məşq toplanışı qurtarandan sonra özü üçün məşq etməkdə davam edir. Bu da oyunda görünür”.

Mehman SÜLEYMANOV
BATUMİ