“Əsas məqsədimiz “Caspian Cup”ın FİFA və UEFA tərəfindən tanınmağıdır”
02.06.2012 - 09:00
 “Əsas məqsədimiz “Caspian Cup”ın FİFA və UEFA tərəfindən tanınmağıdır”
“Qorxuruq ki, komandaların sayını artırsaq, keyfiyyət aşağı düşər”
“İkinci ildir “Caspian Cup” beynəlxalq turnirini təşkil edirik. Bunu ilk dəfə təşkil edəndə demişdik ki, bu, artıq ənənə halına çevriləcək”. Bu fikirləri apasport.az saytının Gürcüstana ezam olunmuş əməkdaşına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

O, 17 yaşadək yığmalar arasında hazırda Bakıda davam edən “Caspian Cup” beynəlxalq turnirinin əhəmiyyətindən danışıb: “Bu günə qədər Azərbaycanda, regionda belə bir mütəmadi turnir olmamışdı. Bu, o deməkdir ki, biz bu tarixləri seçəndə, rəsmi oyunlardan öncə son hazırlığın olduğunu nəzərə aldıq. 17 yaşlılardan ibarət yığmamızın növbəti Avropa çempionatının seçmə mərhələsində oyunları sentyabrda başlayır.

Turnirdəki komandaların səviyyəsi də bizi sevindirir. Bildiyimiz kimi, ilk yarışa İspaniya yığması gəlmişdi və finalda Türkiyəyə qalib gəldi. Türkiyə və Yaponiya bu il də var. Təbii ki, Özbəkistan və Gürcüstan, Litva yığmaları da güclüdür”.

Baş katibin sözlərinə görə, turnirin iştirakçılarının sayını artırmağı məqsədəuyğun saymırlar. Buna izah verən Məmmədov əsas məqsədlərini söylədi: “Artıq onu gördük ki, biz turniri 12 komanda ilə də edə bilərik. Ancaq biz qorxuruq ki, sayını artırsaq, keyfiyyət aşağı düşər. Ona görə də 8 komandanı saxlayırıq. Əsas məqsədimiz növbəti illərdə bu turnirin FİFA tərəfindən tanınmağıdır. Bu il FİFA, UEFA və Asiya Futbol Konfederasiyası bizə rəsmən icazə verdi ki, bu turniri keçirək. Ancaq bu, o demək deyil ki, onlar bu turniri tanıyırlar.

Biz istəyirik ki, gələcəkdə FİFA ilə UEFA bunu tanısın və startına artıq onlar tərəfindən qonaqlar dəvət olunsun. Vaxtilə 30-40 il əvvəl Qranatkin turniri belə yaradılmışdı və neçə illərdir çox gözəl təşkil olunur. Azərbaycan futbolunda görülən işlər çoxlu beynəlxalq turnirlər keçirməyə ümid verir. Futbolumuzun 100 illiyində “Caspian Cup”a start verildi. Çox şadıq ki, bu, ənənə halını alır və nəinki qonşu, uzaq ölkələr də burda iştirak etməklə bağlı müraciət edir”.

Mehman SÜLEYMANOV