AZAL-da yeni məşqçi və yeni futbolçular
20.06.2012 - 23:08
AZAL-da yeni məşqçi və yeni futbolçular
AZAL heyətini gücləndirməklə yanaşı, məşqçilər korpusuna da yeni mütəxəssis dəvət edib. Apasport.az saytının xəbərinə görə, baş məşqçi Vaqif Sadıqovun istəyi ilə rusiyalı mütəxəssis Yevgeni Stuklov paytaxt təmsilçisində fəaliyyət göstərəcək.

O, fiziki hazırlığa nəzarət edəcək. Buna qədər isə Şakir Qəribov və qapıçılarla işləyən məşqçi Rauf Salamov Sadıqova kömək edirdi. Onu da qeyd edək ki, baş məşqçi Stuklovla vaxtilə “Anji”də birgə fəaliyyət göstərib. Artıq ölkəmizdə olan mütəxəssis vəzifəsinin icrasına start verib. O, Nalçik “Spartak”ında və Moskva “Lokomotiv”ində də çalışıb.

Bu arada bu gündən etibarən təlim-məşq toplanışına start verən “təyyarəçilər”in düşərgəsində yeni oyunçular var. Moldovadan təşrif buyurmuş Aleksandr Çelkulyanov, eləcə də Rusiyanın aşağı dəstəsində çıxış etmiş Nikita Kovlyak Vaqif Sadıqovun etimadını qazanmağa çalışacaq. Onlarla bağlı qərar toplanışın sona qədər veriləcək.

Qeyd edək ki, təlim-məşq toplanışı iyunun 30-na qədər davam edəcək. Bu mərhələdə seleksiya toplanışı zamanı məşqçilər korpusunun etimadını qazanan futbolçular da iştirak edir. “Təyyarəçilər” gələn ayın əvvəlində Türkiyəyə yola düşəcək.