“Onları “Xəzər Lənkəran”lı saymırıq”
28.06.2012 - 23:01
“Onları “Xəzər Lənkəran”lı saymırıq”
“Xəzər Lənkəran” klubunun qapıçısı Kamran Ağayevin apasport.az saytına müsahibəsi

- Komandanızın Avstriyadakı 25 günlük toplanışı başa çatdı. Hazırlıqla bağlı nə deyə bilərsiz?
- Həmişəki kimi, başımızı aşağı salıb işimizi gördük. Məqsədimiz Avropa Liqasında mərhələ keçməkdir. Var gücümüzlə çalışdıq, heç nədən qorxmuruq. Sadəcə, insan tək heç nə edə bilməz. Gərək, hamı bizə kömək olsun. “Nomme Kalyu” ilə ilk matçı Lənkəranda keçirəcəyik. Birinci oyun həmişə çətin olduğundan, azarkeşlərin bizə dəstəyi vacibdi.

- Püşkü uğurlu sayırsız?
- Birinci mərhələni keçib, ikincidə “ilişsək”, bununla millətin başını aldadarıq. Bundansa oynamayaq, Avstriyada da hazırlıq keçməyək. Əsas mərhələləri keçib, sonadək mübarizə aparmaq lazımdır. Əlimizdən gələni edəcəyik. Düzdür, şanssızlıq da ola bilər. Biz futbolu fanatlarımız üçün oynayırıq. Ona görə də ilk matçda bizə dəstək olmalarını çox istərdik. 100 nəfərə görə stadionu dolduran 15 min azarkeşi dəyişmək olmaz. Futboldur, məni istəməyənlər də ola bilər.

- Mərhələ adlamaq üçün “Xəzər Lənkəran”da nə çatışmır?
- İnanmıram ki, mərhələni keçməyək. Düzdür, hər şey Allahın əlindədir. Mərhələ keçəcəyimizə komandada inam böyükdür. Şəxsən mən buna daha çox inanıram. Biz klubun düşərgəsinə zədəli gəlmişdik. Ancaq sevindiricidir ki, hazırlıq müddətində zədə alanımız olmadı və hamımız tam gücümüzlə məşq etdik. Özümüzü yaxşı hiss edirik, qarşıda mənəvi problemlər olmasa, işlər yaxşı gedəcək. İnsan üçün əsas mənəvi amildir. Bu baxımdan Kamran Ağayevlə “Xəzər Lənkəran” fanatları arasında problem yaşanmışdı. İnanmıram ki, onlar öz təsirini göstərsin.

- Mərhələ keçməklə həmin problemləri aradan qaldırmaq mümkündür...
- Buna problem demək olmaz. Çünki 100 nəfər özündən nəsə yazırsa, qoy yazsın. Özləri sayt açmağı xahiş etmişdilər, mən də dedim açın. Özləri də bağlamaq istəyirdi. Saytda yazmışdılar ki, biz satqınları heç vaxt unutmuruq. Mənə sonra dedilər. Əslində, heç oxumaq istəmirdim. Bundan sonra, ümumiyyətlə oxumaram. Bunlar xoşagəlməz hallardır. Özləri açmışdılar, özləri də bağladılar. “Mən” sözündən xoşum gəlmir. “Neftçi” ilə oyunda meydançada olsaydım, uduzsaydım, bu ittihamlarla razı olardım. Ancaq mən zədə səbəbindən həmin oyunda iştirak etməmişəm. Həkimimiz bir vaxtlar müsahibə vermişdi ki, Kamranın ayağında heç bir problem yoxdur, bunu sübut edə bilərəm. Hələ gözləyirəm ki, jurnalistlərimiz onu nə vaxtsa danışdıracaqlar ya yox. Həkimin açıqlamasını böyük səbirsizliklə gözləyirəm.

- Klubun həkimini nəzərdə tutursuz?
- Bəli, əsas adamın başının üstündə olan Allahdır. Həmişəki kimi, səbrlə gözləyirik. Əsas odur ki, klubun rəhbərliyi, fanatlar, komandaya can yandıran insanlar bizi istəyir. Kimsə 5-10 manat üçün kluba fanatlıq edirsə, biz onları “Xəzər Lənkəran”lı saymırıq. “Xəzər Lənkəran”lı o insanları sayırıq ki, biz meydanda uduzub ağladığımız zaman onlar da ağlasınlar. Nə qədər ki, canımız var, o adamlar üçün mübarizə aparacağıq.

- Yoxlama oyunlarındakı nəticələr heç də ürəkaçan olmadı. Bunun estonlarla görüş öncəsi komandaya pis təsir edəcəyini düşünmürsünüz?
- Özünün də gördünüz ki, Rumıniyanın “Vasluy” klubu ilə heç-heç etdiyimiz (1:1) oyunda qələbə də qazana bilərdik. Bu, yoxlama oyunudur. Birincisi, heç kim oyun günü məşq edib, matça çıxmır. Yoxlama görüşləri öncəsi gündə 2 dəfə gərgin məşqlər keçmişdik. Gördüyünüz kimi, təlim-məşq toplanışında səhərlər oyunçular olmasa da, qapıçılar məşq edirdi. Bu matçlara yoxlama oyunu kimi hazırlaşırıq və baş məşqçi hamının potensialını bilir. Buna görə də meydanda özünü göstərməyə ehtiyac yoxdur. Hamı öz gücünə bələddir. Çexlərlə son oyunda 2 dəfə hesabda öndə idik. Qapımıza vurulan 2-ci qol ofsayddan oldu. Baxışa futbolçular gəlib, baş məşqçi onları yoxlamalı olduğundan meydana buraxdı. Heyətdə dəyişikliklər edildiyindən, bu nəticəyə də təsirini göstərdi. Ancaq hesab edirəm ki, komanda hazır vəziyyətdədir. Ən əsas da ki, mənəvi cəhətdən komandada əla ab-hava var.

- Yunis Hüseynovun gəlişindən sonra komandada nə dəyişib?
- Birincisi, legionerin sayının azlığı baxımından fərq var. İkincisi, səmimiyyət var, hamı öz işini bilir. Üçüncüsü, özümüz də bilirik ki, komandada artıq futbolçu yoxdur. Hamı sırf futbolla məşğul olanlardır. Bəzi məşqçilər güclü ola bilər, ancaq məşqçinin öz işi var, menecerin öz işi. Sözümü hara gətirirəm, özünüz yaxşı bilirsiz. İstəmərəm ki, hansısa futbolçu gəlib, legioner həyatı yaşaya-yaşaya, qıraqda otursun, biz oynayaq, o qazanıb, getsin. Mən belə şeyləri sevmirəm. Gələn bizə nümunə olmalıdır, biz ona baxıb nəsə öyrənməliyik.

- Avroliqada ilk matçı Lənkəranda keçirməyi üstünlük sayırsız?
- Bəli, Lənkəran camaatı bizdən qələbə istəyir və biz onlarla razıyıq. Ancaq bir az emosionaldırlar. Bunu “İnter”lə kubok oyunumuzda yaşadım, gördüm. Biz ilk matçda 2:3 hesabı ilə uduzub gəlmişdik, futbol 90 dəqiqədir və bizə mərhələ keçmək üçün 1:0 hesablı qələbə də kifayət edirdi. Ancaq 90 dəqiqədə bilmədim ki, futbol oynadım, yoxsa camaatın söyüşünə qulaq asdım. İlk oyunun Lənkəranda olması ona görə yaxşıdır ki, bizə dəstək olsunlar və biz də udaq. Sonra da gedib, səfərdə mübarizəmizi aparaq. Bu yaxşı şeydir, biz həmişə ilk oyunu evdə oynayanda, ardınca yaxşı çıxış etmişik. O vaxt Zaqreb “Dinamo”su ilə oynayanda da yaxşı təsir bağışlamışdıq, ancaq mərhələ keçə bilmədik. İlk oyunda doğurdan çətin olacaq. Çünki rəqibin gücünə hələ bələd deyilik. Onlar da bizə bələd deyillər. Ancaq hər şeyi həll etmək olar. Biz futbolçular da azarkeşlərimiz üçün darıxmışıq və ona görə də ilk oyunun Lənkəranda olması yaxşıdır. İstəyirik ki, startımızı gözəl ab-havada edək.

- Avrokubokdakı digər təmsilçilərimizin şanslarını necə dəyərləndirirsiz?
- Ümumiyyətlə, “Neftçi” haqda danışmaq istəmirəm. Hər kəsin öz işi var. Düşüncəm yalnız “Xəzər Lənkəran”la bağlıdır. Hamısına uğurlar arzulayıram. Məni yalnız öz klubum maraqlandırır. Üzüldüyüm, “Qarabağ”ın avrokuboklarda oynamamağıdır. Gərək bu klub da turnirdə çıxış edəydi. “Qarabağ”ın hər yerdə olmağı lazımdır, çünki Qarabağ bizim doğma torpağımızın adını daşıyır. Hər bir azərbaycanlı bilir ki, Qarabağ nə deməkdir. Ürəyim Qarabağladır. Ancaq bu, futboldur. Düzdür, “Qarabağ”ı Avropada tanıtmaq lazımdır, ancaq qismət belə oldu.

- Ümumiyyətlə, Azərbaycan üçün bu ilki püşkü uğurlu sayırsız?
- Milli komandadan götürək. Gedib Lixtenşteyni uduruq, deyirik Azərbaycan udur. Bu, futbol deyil. İspaniya, Portuqaliya ilə başabaş oynamaq lazımdır ki, futbolu qandığımız, yoxsa camaatın başını aldatdığımız görünsün. Güclü klubla oynamaq, onlardan nəsə öyrənmək lazımdır. Camaatın başını aldatmaqdan ötrü gedib, Farer adaları, Lixtenşteyn, Sinqapur, Hindistanla oynamaq düzgün deyil. Bu zaman artımdan danışa bilmərik. Güclü komandalarla oynamalıyıq ki, belə də həm reklam, həm də artım baxımından qazanaq. Bu zaman bilərik ki, “qabımız”da futbol var, ya yox. Özümə gəlincə, Avropadan təkliflər var. Sadəcə, ailəni atıb gedə bilmirsən. Belə şeylər var. Olmasa elə bu gün gedərik. Müəyyən səbəblər olur ki, Avropaya gedə bilmirik.

- “Tottenhem” variantı nə dərəcədə ciddi idi?
- “Tottenhem”, ümumiyyətlə, konkret komandalar haqda danışmayaq. Onu deyə bilərəm ki, 1 il Azərbaycanda qalmalıyam. Çünki şəxsi problemlər var.

- Subaylığın daşını atmaq istəyirsiniz?
- Yox, tam başqa şeydir. Bu, hər bir azərbaycanlı kişisinin borcudur. Ona görə də 1 il vətəndə qalmağa məcburuq.

- Bəlkə həqiqi-hərbi xidmətlə bağlıdır?
- Gizli qalsa, daha yaxşı olar. Bu səbəbdən gömrüyü keçmək, xaricdə oynamaq problem yaradır. Yəqin ki, danışdığım kluba dekabrda getmək imkanım var. Klubumuzun prezidenti Mais Mənsimovla belə danışığımız olub. Əgər gedə bilməsəm, yəqin ki, karyeramı “Xəzər Lənkəran”da bitirəcəm.