“Mərhələ keçmək şansımız 50 faizdən yuxarıdır” - MÜSAHİBƏ
29.06.2012 - 16:45
“Mərhələ keçmək şansımız 50 faizdən yuxarıdır” - MÜSAHİBƏ
Avroliqada ölkəmizi təmsil edəcək “Bakı”nın baş məşqçisi Novruz Əzimovun apasport.az saytının Avstriyaya ezam olunmuş əməkdaşına müsahibəsi

- Sloveniyadakı təlim-məşq toplanışını necə qiymətləndirərdiniz?
- Hazırlıq plan üzrə getdi. Verdiyimiz tapşırıqlar yerinə yetirildi. 3 yoxlama oyunu keçirməyi nəzərdə tutmuşduq, 4-cü qarşılaşmaya da çıxmaq imkanımız oldu. Bununla da oyun təcrübəmiz bir qədər də artdı.

- Hazırlıq, keçirilən yoxlama oyunlarının nəticələri sizi qane etdimi?
- Bizi nəticədən daha çox oyunun keyfiyyəti düşündürürdü. Bir matçımız – Sloveniyanın “Senica” klubu ilə keçirdiyimiz oyun daha xoşuma gəldi. Digər oyunlarda isə çox səhvlərə yol verdik. Çalışacağıq ki, bunları aradan qaldıraq.

- Təsəvvür edə bilərdinizmi ki, yoxlama oyununda 4:0 hesabı ilə qalib gəldiyiniz “Mura” Avroliqada sizə rəqib olacaq?
- Futbolda belə şeylər ola bilər. Biz heç əvvəldən “Mura” ilə oynamaq istəmirdik. Bunu Bakıda da demişdim. Ancaq ola bilərdi ki, onlar Avroliqada bizə rəqib olsun. Haradasa 30 potensial rəqibimiz vardısa, “Mura”nın bizlə düşmək ehtimalı 3 faiz idi. Tək biz deyil, “Senica” da Macarıstanın MTK klubu ilə yoldaşlıq matçı keçirdikdən sonra analoji yarışda cütlük təşkil etdilər.

- Püşkün nəticəsini komandanız üçün uğurlu sayırsız?
- Mən əvvəldən demişəm ki, hansı klubla düşmək yox, bizim öz hazırlığımız əsas rol oynayacaq.

- Bəs “Bakı”nın mərhələ keçmək şansı nə qədərdir?
- Mən inanıram ki, 50 faizdən yuxarıdır.

- Hazırlıq dövründə həll edə bilmədiyiniz problem oldumu?
- Sırf məşq prosesinə aid deyil, təşkilatı işlərdə həllini tapmayan məsələlər hələ də qalıb.

- Toplanış çərçivəsində istədiyiniz transferləri reallaşdıra bildinizmi?
- Xeyr.

- Hansı mövqelərə oyunçular ala bilmədiniz?
- Hücumçu almalıydıq, ancaq bunu reallaşdıra bilmədik.

- Niyə baş tutmadı? Çox pul istədilər?
- Yox, bu ayrı söhbətdir.

- Siz Avroliqanın ikinci mərhələsində potensial rəqibiniz olan Bolqarıstanın MOİK klubunun Bakıya gələcəyinə inanırsızmı?
- Mən hələ o barədə düşünmürəm. Bütün diqqətimi ilk mərhələyə yönəltmişəm.