İspaniyanın rekordu, İtaliyanın ona çatmaq arzusu
29.06.2012 - 17:41
İspaniyanın rekordu, İtaliyanın ona çatmaq arzusu
İspaniya yığması ardıcıl üç mötəbər turnirin finalında oynayacaq ilk komanda oldu. Apasport.az saytının məlumatına görə, ispanlar bunadək 2008-ci ildə Avropa, 2010-cu ildə dünya çempionatının həlledici matçında iştirak edərək, hər ikisində qalib olub. İspanlar 3-cü komandadır ki, Avropa çempionu olduqdan sonrakı turnirdə finala kimi irəliləyib. Bunadək 1960-cı ildə ilk Avropa çempionatının (AÇ) qalibi olan SSRİ yığması, 1972-ci ildə eyni uğura imza atan Berti Foqtsun futbolçusu olduğu Almaniya millisi 4 il sonra finalda titulunu qorumaq imkanı qazanıb. Ancaq hər 2 milli uduzduğundan, istəyinə nail ola bilməyib. Deməli, İspaniya iyulun 1-də İtaliyaya qalib gələrsə, daha bir ilkə imza atacaq.

İspanlara tarixində hələ ki ilk dünya çempionluğu qazandıran baş məşqçi Visente del Boske AÇ-nin qalibi olduğundan, onun da ilk uğura qazanmaq şansı var. Pireney təmsilçisi 4 il öncə qitənin ən güclüsü olanda, çalışdırıcısı digər təcrübəli ispaniyalı – Luis Araqones idi. Ümumiyyətlə, İspaniya titulunu qoruyarsa, Almaniya kimi AÇ-i ən çox qazanan olacaq – hərəyə 3 dəfə. İtaliya finalda üstün olarsa, rəqibi kimi 2 dəfə qitə birinciliyinin qalibi adına yiyələnəcək. İtalyanlar sonuncu dəfə 12 il öncə AÇ-nin həlledici matçında oynayıb. Onda Fransa yığmasına əlavə vaxtda 1:2 hesabı ilə uduzan komandada indiki heyətdə qalan olmayıb. Kapitan, qapıçı Canluicci Buffon 2000-ci ildə zədə aldığından, Hollandiya və Belçikada keçirilən final mərhələsinə aparılmamışdı.

Qeyd edək ki, İspaniya ilə hər 2 titulu qazanan kapitan İker Kasilyas da qapıçı olduğundan, 2 gün sonra Kiyevdə Avropanın təkcə ən güclü yığmaları yox, qapıçılarının da dueli olacaq.