Mahmud Qurbanov: Əsas məqsədim Gəncəyə layiq komanda yaratmaqdır - MÜSAHİBƏ
29.06.2012 - 17:25
 Mahmud Qurbanov: Əsas məqsədim Gəncəyə layiq komanda yaratmaqdır - MÜSAHİBƏ
Azərbaycanın ən titullu futbolçusu Mahmud Qurbanov baş məşqçi təyin olunduğu Gəncənin “Tərəqqi” komandasındakı fəaliyyəti ilə bağlı müsahibə verib. Lent.az həmin müsahibəni təqdim edir:

- “Tərəqqi” də işlər necədir?
- Artıq komandanı qəbul etmişəm. Futbolçularla görüşdüm. İlk tanışlıqdan sonra qarşıya qoyulan məqsədlər barədə danışdıq. Mübariz və baxımlı futbol oynamağı bacaran bir komanda yaradacağımızı bildirdim.

- Ötən mövsüm “Tərəqqi”də çıxış etmiş futbolçularla işləmək fikriniz var?
- Hələlik bir söz deyə bilmərəm. Kollektivlə o qədər də yaxından tanış deyiləm. Yalnız bir-iki oyunun video yazısını izləmişəm. Təbii ki, toplanış zamanı onlar da məşqlərə qatılacaqlar. Yalnız bundan sonra futbolçular barədə qərar verə bilərəm.

- Bu günlərdə KİV-də “açiq qapı” ilə bağlı informasiyalar yayıldı. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
- Bəli, biz rəhbərliklə qərara gəldik ki, iyulun 2-də saat 5-dən etibarən özünə güvənən və futbolçu keyfiyyətlərinə malik 17 - 23 yaş həddində olan gəncləri baxışa dəvət edək. Biz həmin müraciət edən bütün futbolçuları nəzərdən keçirəcək, onları yoxlayacaq və tələblərimizə cavab verən anda komandaya dəvət edəcəyik.

- Gəncəyə məşqçi kimi dönüşünüz futbolçu karyeranız kimi uğurlu alınacaqmı?
- Bilirsiniz, bu barədə indidən danışmaq tezdir. Əsas məqsədim Gəncənin adına layiq komanda yaratmaqdır. Mübariz, intizamlı, baxımlı futbol oynamağı bacaran bir komanda. Təbii ki, növbəti mövsüm medallar uğrunda mübarizə aparmaq, Premyer Liqaya vəsiqə qazanmaq istəyirik. Çalışacağam ki, “Tərəqqi” qabiliyyətli və idmançı keyfiyyətlərinə malik futbolçuların yetişməsində Gəncə futboluna öz töhfəsini versin.