Konfederasiyalar kubokunda Avropanı İtaliya təmsil edəcək
29.06.2012 - 18:43
Konfederasiyalar kubokunda Avropanı İtaliya təmsil edəcək
AVRO-2012-nin final oyununa yüksələn İtaliya yığması həm də Konfederasiyalar kubokuna vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, iyulun 1-də İspaniyaya qarşı keçiriləcək final oyununun nəticəsindən asılı olmayaraq Apenin təmsilçisi gələn il baş tutacaq yarışda çıxış edəcək.

Çezare Prandellinin yetirmələri Braziliyadakı yarışda Avropanı təmsil edəcək. Buna səbəb isə İspaniyanın artıq turnirə vəsiqə qazanmasıdır. Belə ki, onlar Konfederasiyalar kubokuna dünya çempionu kimi yollanacaq.

Konfederasiyalar kubokunda meydan sahibləri – qarşıdakı dünya çempionatının təşkilatçısı, son dünya çempionu və 6 konfederasiyanın çempionu çıxış edir. 2013-cü ildəki yarışa Braziliya ev sahibi kimi, İspaniya dünya çempionu kimi yüksəlib. Avropanı İtaliya, Cənubi Amerikanı Uruqvay, Asiyanı Yaponiya, Okeaniyanı Taiti, Şimali və Mərkəzi Amerika, Karib dənizi hövzəsini Meksika təmsil edəcək. Yalnız Afrika çempionu hələ müəyyənləşməyib.

Qeyd edək ki, turnir gələn il iyunun 15-30-da keçiriləcək.