“Yerli klublarla qurtardıq, xaricdə oynayacam”
29.06.2012 - 23:00
“Yerli klublarla qurtardıq, xaricdə oynayacam”
“Yaxın günlərdə müqavilə imzalayacam, ondan sonra yeni komandamın adını biləcəksiz”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov deyib.

Son mövsümü “Qəbələ”nin heyətində keçirən, amma çempionatın başa çatmasına 1 neçə tur qalmış komandadan ayrılan Şükürovun paytaxt təmsilçilərindən birinə keçəcəyi gözlənilirdi. Hətta futbolçunun “Neftçi” və “İnter”in maraq dairəsinə düşdüyü vurğulanırdı. Lakin sonradan hər 2 klub futbolçunun xidmətinə maraqlı olmadığını açıqladı. “Xəzər Lənkəran” variantının isə ümumiyyətlə şayiə olduğu bildirildi.

Belə olan təqdirdə futbolçunun ölkə xaricinə yollanacağı istisna edilmirdi. Hələ ki, geniş açıqlama vermək istəməyən Mahir yaxın günlərdə yeni komandası ilə rəsmi müqavilə imzalayacağını deyib. O, axtardığını ölkə xaricində tapıb: “Yerli klublarla qurtardıq, xaricdə oynayacam. Ola bilsin, 2 illik müqavilə imzalayım. Amma indi nə həmin klubun, nə də ölkənin adını deyəcəm”.

Qeyd edək ki, müdafiəçi buna qədər də legioner həyatı yaşayıb. O, əvvəllər Türkiyənin “Antalyaspor” komandasının şərəfini qoruyub. Futbolçu ötən il “Qəbələ”yə dönənə qədər isə Rusiya Premyer Liqasında Mahaçqalanın “Anji” klubunda çıxış edib. Yığmanın əsas heyət üzvlərindən olan cinah müdafiəçisi baş məşqçi Berti Foqtsun ən çox güvəndiyi isimlərdəndir. O, həm də millinin vitse-kapitanıdır.