Georgi Çebiaşvili: “Neftçi” nə qədər güclü olsa... - MÜSAHİBƏ
03.07.2012 - 11:26
Georgi Çebiaşvili: “Neftçi” nə qədər güclü olsa... - MÜSAHİBƏ
“Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibi olan “Zestafoni”nin baş məşqçisi Georgi Çebiaşvili Gürcüstan mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, çalışdırıcı Avstriyadakı hazırlıq prosesi, keçirilən yoxlama oyunu və “Neftçi” ilə qarşıdakı sınaq barədə fikirlərini bildirib.

- Artıq müəyyən müddətdir Avstriyadasız. İlkin təəssüratlarınızı bilmək istərdik...
- Burada yaxşı şəraitimiz var. Hazırlıq çox yaxşı gedir. Hələlik yüklənmə prosesini həyata keçiririk. Ancaq günlər keçdikcə, oyunlarımıza daha çox diqqət yetiririk. Bununla da hər gün bizim üçün daha yaxşı olacaq və Çempionlar Liqasında II təsnifat mərhələsinin startına qədər hazır olmalıyıq.

- Fiziki çalışmaları qeyd etdiniz. “Astra”ya 0:1 hesabı ilə uduzduğunuz oyunda “Zestafoni”də fiziki cəhətdən problemlərin olduğunu göstərdi...
- Rəqib güclü oldu. Onlar artıq bir neçə yoldaşlıq oyunu keçirmişdilər. Bizim isə hələ ilk oyunumuz idi. Digər problem isə reys dəyişməklə uzun yol qət etməyimizdir. Bu amil komandada yorğunluq yaratmışdı. Şadıq ki, gənc futbolçularımız yenidən özlərini göstərdilər. Düzdür, “Astra”ya uduzmasaydıq, daha yaxşı olardı, ancaq bu nəticə faciə deyil.

- Bəziləri hesab edirlər ki, komandanın güclənməsinə ehtiyac var. Maraqlıdır, hazırda “Zestafoni”də veteranlarla gənclər toplaşıb. Bu barədə nə deyə bilərsiz?
- Bizim titullar qazanmış komandamız var. Heyətimizi böyük klublar kimi gücləndirməliyik. Ancaq hamının bilməsini istərdik ki, bizim çox yaxşı komandamız var. Əgər güclü futbolçuları əldə edə bilməsək, planlaşdırdığımız işi davam etdirəcəyik.

- Sizi “Neftçi” ilə gərgin mübarizə vəd edən “Qafqaz derbi”si gözləyir. İlk oyunu səfərdə keçirmək sizin üçün nə dərəcədə vacib sayılır?
- Öncə onu demək istərəm ki, “Neftçi” güclü rəqibdir. Bundan əlavə, heyətində yaxşı legionerlər var. Ancaq buna baxmayaraq, mən heç vaxt deməmişəm ki, pul vacibdir. Hazırda mərhələ keçmək bizim üçün çox zəruridir. Əlbəttə ki, burada 1 qol da həlledici ola bilər. Rəqib zəif olsaydı, arxayınlaşma yarana bilərdi. Ancaq rəqibimizin güclü olması yaxşıdır ki, biz lazımı motivasiya ilə oyuna köklənəcəyik. “Neftçi”ni keçə bilərik. Ola bilər ki, bu bizdə alındı. Şanslar bərabərdir.

- Bakıdakı oyunda “Zestafoni” azarkeşlərinin iştirakı planlaşdırılır. Müxtəlif təşkilatlar bunun üzərində işləyirlər. Bakıdakı stadionda fanatlarınızın dəstəyi sizin üçün nə dərəcədə vacibdir?
- Hər bir komandanın azarkeş dəstəyinə ehtiyacı var. Onlarsız biz uğur qazana bilmərik. Bu, vacibdir və tərəfdarlar stadionda olanda onların sənə daha yaxın, doğma olduğunu başa düşürsən. Biz “Neftçi” ilə oyuna tam hazır vəziyyətdə yollanmaq istəyirik. Buna görə də Avstriyada vaxtımızı daha səmərəli keçirməyə çalışacağıq. Yoxlama oyununun nəticəsi isə elə də ciddi əhəmiyyət kəsb etmir. Bizi qarşıda “Neftçi” ilə matçlar və növbəti mövsüm gözləyir.