2-ci duel: Bu dəfə Estoniya klublarına qarşı
03.07.2012 - 13:09
2-ci duel: Bu dəfə Estoniya klublarına qarşı
Avrokuboklar mövsümünün 2012/13 mövsümünün startı Azərbaycan – Estoniya dueli ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, birdən-birə 2 təmsilçimizin eyni ölkə klubları ilə qarşılaşması nadir hadisə sayılır.

Bu dəfə Avropa Liqasında çıxış edən “Xəzər Lənkəran” və “İnter” Estoniya təmsilçiləri ilə görüşəcək. Müvafiq olaraq, “Nomme Kalyu” və “Trans”la qarşılaşacaq komandalarımız iyulun 5-12-də üst-üstə 4 dəfə Baltikyanı ölkə təmsilçiləri ilə münasibətlərini ayırd edəcək.

Bu isə avrokuboklar tarixində 2-ci belə haldır ki, Azərbaycan komandaları eyni yarışda, eyni ölkə təmsilçiləri ilə duelə çıxır. İlk dəfə buna 2001/02 mövsümündə təsadüf olunmuşdu. O vaxt “Neftçi” və “Şəfa” Azərbaycan – Sloveniya duelində üzümüzü ağ edə bilməmişdi.

“Neftçi” “Hit Qoritsa”ya (0:0, 0:1), “Şəfa” “Olimpiya”ya (0:3, 0:4) boyun əymişdi. 4 matçda komandalarımız cəmi 1 xal qazanmışdı. 11 ildən sonra ikinci dəfə şahidi olacağımız dueldə isə təmsilçilərimiz Estoniya klubları ilə üz-üzə gələcəklər.

Düzdür, daha 3 dəfə eyni mövsümdə 2 klubumuz eyni ölkə təmsilçisi ilə qarşılaşıb. Lakin həmin vaxtlarda matçlar ayrı-ayrı turnirlərdə və ya müxtəlif mərhələlərdə baş tutub. Yəni qarşıdurmalar paralel olmayıb. 2006/07 mövsümündə “MKT-Araz” İntertoto kubok, “Qarabağ” UEFA kubokunda Moldova təmsilçilərinə uduzub. 2008/09 mövsümündə “İnter” Çempionlar Liqasında, “Olimpik” UEFA kubokunda serbiyalılara təslim olub. Özü də “İnter” II təsnifat mərhələsində yenilgiylə barışıb.

2010/11 mövsümündə yenə “İnter” Çempionlar Liqasında, “Qarabağ” Avropa Liqasında Polşa klubuna rəqib olub. Bakılılar II, Ağdam təmsilçisi III təsnifat mərhələsində oynadığından görüşlər paralel olmayıb.