Rövnəq Abdullayev: Heç kim pulunu çölə atmaz - MÜSAHİBƏ
03.07.2012 - 17:23
Rövnəq Abdullayev: Heç kim pulunu çölə atmaz - MÜSAHİBƏ
Bu gün Peşəkar Futbol Liqasında (PFL) keçirilən prezident seçkilərində iştirak edən AFFA prezidenti Rövnəq Abdullayev tədbirdən sonra mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, jurnalistləri maraqlandıran çoxsaylı sualları cavablandıran assosiasiya başçısı öncə seçki haqda danışdı.

- Prezident seçkisində yeganə namizəd olan Ramin Musayev yenidən 4 illiyə bu vəzifəyə seçildi. PFL-nin yarandığı bu 4 ildə klubların, çempionatın səviyyəsi qalxıb. Biz ab-havanı, çempionatın keçirilməsini, hakimliyi müzakirə etdik. PFL-nin keçdiyi yola, gördüyü işlərə, qarşıdakı 4 ildə görüləcək məsələlərə baxdıq. Əsas yük klubların üzərinə düşür. Onların, uşaq futbolunun inkişafı milli komandaya da təsirini göstərir. Bu 4 ildə hakimliklə də bağlı işlər görülüb. Bu sahədə aparılan islahatlar, gənc hakimlərin cəlb olunmağı, hakimlər üçün xaricdə təşkil olunan təlim-məşq toplanışları inkişafa gətirib çıxarıb. Buna artıq PFL-nin öz kameraları ilə oyunların çəkilməyi də böyük təsir göstərib. Gələcəkdə də müasir texnologiyalardan da istifadə edəcəyik. Bildiyiniz kimi, növbəti mövsümdə teleyayımla bağlı tender elan etmişik. Yayım hüququna sahib olan PFL ilə tenderdə qalib gələn şirkət arasında imzalanacaq müqaviləyə əsasən bu məsələ tənzimlənəcək. Onu iyulda həll etməliyik. Teleyayımdan əldə olunan gəlir klublara bərabər şəkildə paylanacaq. Bu vəsaitdən AFFA-da 1 manat da saxlanılmayacaq. Bundan əlavə, Premyer Liqadan başlayaraq bütün yarışların adlarının satılmağı ilə də bağlı tender elan etmişik. Bura yeni tikilən Bayıl və 8-ci kilometr qəsəbələrindəki stadionların adları da daxildir.

- Hesab etmirsiniz ki, teleyayımla bağlı tender məsələsi tezdir?
- Yox, tez deyil. İndiyə qədər olan praktikanın heç bir effekti olmadı. Yayım hüququnun klublara verilməyində bunun şahidi olduq. Bütün dünyada teleyayımdan klublar nə qədər pul qazanırlar. Bizdə də belə olmalıdır. Klublar nə qədər sponsorların hesabına fəaliyyət göstərməlidir. Onlar da pul qazanmalıdır.

- UEFA Superkubokun 2015-ci ildə Gürcüstanda keçirilməsi ilə bağlı qərar çıxarıb. Halbuki, Azərbaycan daha yaxşı maliyyə imkanlarına malikdi...
- Həmin oyunun Azərbaycanda keçirilməyi variantı vardı. Ancaq biz bu təklifi qəbul etmədik. Bu matç dəbdə deyil, cəmi 1 gün keçirilir. Nə qədər turistin gəlib-gəlməyəcəyi bəlli deyil. Ancaq bir neçə gün davam edən çempionatda başqa effekt olur. Ona görə UEFA Superkubokunun Gürcüstana verilməyini xahiş etdik. Bu, onlar üçün yaxşı təcrübə olacaq.

- Regionda Gürcüstanla Ermənistanı qabaqlasaq da, onların milli komandaları seçmə mərhələdə bizdən çox xal toplayır...
- Bu, 1-2 günə həll olunan məsələ deyil. Bunu uşaqlıqdan futbolçuların beynində yaratmaq lazımdır. Bizdə oynayanların çoxu SSRİ futbol məktəbindəndir, asfaltda oynayanlardır. Futbol meydançalarında oynayanların yetişməyini gözləmək lazımdır. Biz kiminsə əlindən topu almamışıq ki... Açıq deyirəm ki, bizdə futbolçulara verilən pullar Avropanın bir sıra ölkələrində yoxdur. Sadəcə, pul hər şeyi həll etmir, oynamaq lazımdır, futbolçu yetişməlidir.

- Azərbaycan Gürcüstanla birgə Avropa çempionatını keçirməyə namizədliyi irəli sürüb. Ancaq bizdə stadionların bir çoxunun tutumu azdır...
- Darıxmayın, iri tutumlu stadionlarımız olacaq. Olimpiya stadionumuzun 65 minlik tutumlu regionda ən böyük arena olacaq. Bu, 2015-ci ilə hazır olacaq. Gürcüstanda ən böyük stadion 50 minlikdir. Yenidənqurma işlərindən sonra yaxında açılışı olacaq Tofiq Bəhramov adına Respublika stadionunda azarkeş sayı 32 minə kimi artırılıb.

- Biz əsasən əyalətdəki stadionları nəzərdə tuturuq...
- Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunun yenidən qurma işlərindən sonra say 15 min olacaq. Ölkə prezidentimiz həmin arenanın 40 minə kimi artırılmağı ilə bağlı məsələ qaldırmışdı. Ancaq böyük stadionun saxlanılmağı böyük xərc tələb edir. Ona görə mən prezidentimizdən xahiş elədim ki, say 15 minlik olsun. Ancaq bizim elə layihəmiz olacaq ki, sayı 1 ilə 40 minə kimi artırıla bilər. Qəbələdəki stadion 20 mindən 35 minə kimi artırılacaq.

- Premyer Liqada çıxışı sual altında olan “Turan”ın gələcək taleyi necə olacaq?
- “Turan” Premyer Liqada çıxışını davam etdirəcək. Biz klub rəhbərliyi ilə danışmışıq, heç bir problem olmayacaq. Özü də söhbətimiz belə olub ki, legionerlərsiz iştirak etsinlər. “Turan”da 18-20 yaşlı futbolçular iştirak edəcəklər. Avropada da belədir ki, əsas 4-5 komanda olur, qalanları yüksək liqadan aşağı düşür, qalxırlar, futbolçu yetişdirirlər. “Turan” da bunu edəcək.

- Futbolçuların qiymətləri bir sıra Avropa ölkələrindən çoxdur. Bu isə gənc oyunçularımızın Avropaya yolunu bağlayır. Yaxında “İnter”in prezidenti Georgi Nikolov bildirib ki, buna AFFA rəhbərliyi ilə müdaxilə etməlidir...
- Biz buna müdaxilə edə bilmərik. Çünki müstəqil klublardır və onların maliyyə siyasətinə qarışa bilmərik. Heç kim pulunu çölə atmaz. Bizdə futbolla məşğul alanların sayını 27 minə çatdırmışıq. İqtisadiyyatın tələb-təklif qanunu var. Bu da bazarda qiymətə təsir edir. Biz legioner limitini aşağı salanda, futbolçu çatışmazlığı yaranır. Limiti artıranda isə milliyə futbolçu çatışmır. Növbəti mövsümdən limitə 21 yaşadək futbolçularla bağlı məsələni daxil edəndən sonra onların qiyməti 3 dəfə qalxıb.

- Seçkidə Ramin Musayevin rəqibi olmadı...
- Neyləyə bilərik, başqası namizədliyini vermədi.

- Elə siz 2-ci dəfə vəzifənizə seçiləndə də belə olmuşdu...
- (gülür) Mən də rəqibimi gözləyirdim və başqasının da namizədliyini verməyini böyük məmnuniyyətlə istərdim. Ancaq irəli çıxaraq, namizədliyini verən olmadı.

- Ramin Musayevin işindən nə dərəcə razısınız? Ona hansı iradlarınızı bildirərdiniz?
- Narazı olsaydım, indi yanımda olmazdı. Bilirsiniz, həyatda hər şey nisbidir. Buna əsasən işindən razı olduğumu deyə bilərəm.

Mehman SÜLEYMANOV