Elxan Məmmədov: Gürcüstanda bu praktikanın olmamağı şansımızı azaldardı
03.07.2012 - 18:54
Elxan Məmmədov: Gürcüstanda bu praktikanın olmamağı şansımızı azaldardı
AFFA-nın baş katibi Elxan Məmmədov 2015-ci ildə UEFA Superkubokunun Gürcüstanda keçirilməyini üstünlük hesab edir. Apasport.az saytının məlumatına görə, Məmmədov qitə futbol qurumunun bu qərarını Azərbaycanla Gürcüstanın 2020-ci il Avropa çempionatını birgə keçirməklə bağlı namizədliyini verdiyi bir vaxtda zəruri sayır. Əslində, UEFA indiyə kimi Monakoda keçirdiyi həmin matçı ölkəmizdə keçirmək istəsə də, qurumun iyunun 30-da Kiyevdə İcraiyyə Komitəsində iştirak edən AFFA rəhbərliyi bunun qonşu ölkədə olmasını daha məqsədəuyğun sayıb.

Baş katibin sözlərinə görə, UEFA Superkubokunun qonşu ölkədə keçirilməyində daha böyük layihənin həyata keçirmək uğrunda mübarizədə şanslarını artırmaq üçün maraqlı olublar: “UEFA qərarından sonra Rövnəq müəllim Gürcüstan Futbol Federasiyasının rəhbərliyini təbrik elədi. Biz onlarla Avropa çempionatına birgə namizədliklə bağlı niyyət protokolu imzalamışıq. Bildiyiniz kimi, bu il ölkəmizdə 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya, 2016-cı ildə 17 yaşadək oğlanlardan ibarət Avropa çempionatının final mərhələsinin oyunları keçiriləcək. Gürcüstanda isə belə praktikanın olmamağı şansımızı azaldardı. UEFA birgə namizədliyimizi nəzərdən keçirən zamanı deyərdi ki, 1 dəqiqə dayanın, Gürcüstan indiyə kimi mötəbər turnirə ev sahibliyi etməyib. Buna görə matçın oraya təyin olunmağı bizim də maraqlarımıza uyğun gəldi”.

Mehman SÜLEYMANOV