Lənkəranda başlayan növbəti mübarizə
04.07.2012 - 12:11
Lənkəranda başlayan növbəti mübarizə
Sabah Azərbaycan futbol tarixində yeni mərhələ başlayır. Apasport.az saytının məlumatına görə, Azərbaycan klubları 1994-cü ildən iştirak etdiyi avrokuboklarda növbəti mövsümün startına hazırlaşır. Bizim üçün ilk olaraq Avroliqada sınaq olacaq və burada hər 3 təmsilçimiz mübarizəyə ilk mərhələdən başlamalıdır. Bunadək Azərbaycan kubokunun qalibi II təsnifat mərhələsindən mübarizəyə qatılırdısa, cari mövsümdən belə olmadığından, “Bakı” da əvvəldən oynamalı olacaq. Yalnız Çempionlar Liqasında yeganə təmsilçimiz “Neftçi” II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Püşkü klublarımız üçün qənaətbəxş sayıldığından, ilk mərhələni keçməliyik. Saat etibarilə ilk başlayacaq Lənkərandakı oyun ümumiyyətlə, sabah turnirdə ilk start götürəcək matç olacaq. “Xəzər Lənkəran” həmin matçda avrokuboklar tarixində ilk qələbəsini qazanmağa çalışacaq. Belə ki, lənkəranlılar indiyə kimi keçirdiyi 10 oyunda buna nail ola bilmədiyindən, təbii ki, mərhələ də keçməyib. Cənubluların bu dəfə tilsimi qırmağa çox yaxındır. Hər halda, “Nomme Kalyu” hazırda Estoniya çempionatının lideri olsa da, keçiləsi rəqibdir.

Sabah digər Estoniya klubu ilə matçımız isə səfərdə olacaq. Əslində, püşkə görə “İnter” də “Narva” ilə ilk oyunu evdə keçirməli idi. Ancaq UEFA stadion məsələsi ilə əlaqədar məkanı dəyişdirdiyindən, “bankirlər” səfərə çıxmalı oldu. Hər halda, bunu münasib variant saymalıyıq. Çünki kubokda ilk oyunu rəqib meydanında keçirmək daha məqsədəuyğun sayılır. Heyətini gücləndirən “İnter” də mərhələ keçmək vəzifəsini böyük ölçüdə Estoniyada həll etməlidir.

“Xəzər Lənkəran” ardıcıl 3-cü mövsüm qitə miqyaslı turnirə qatılırsa, Avroliqada hər 2 paytaxt təmsilçimiz 2 illik fasilədən sonra bunu edəcək. “İnter” kimi “Bakı” da ötən yay avrokubok həyəcanından kənarda qaldı və bu dəfə mübarizəyə iddialı qatılır. Rəqib Sloveniya çempionatının bürünc medalçısıdır və “Mura” bakılılara Sloveniyada təlim-məşq toplanışından tanışdır. Belə ki, “Bakı” onunla yoxlama oyununda 4:0 hesabı ilə qalib gəlib. Düzdür, həmin matçda “Mura”nın əvəzedici heyəti oynadığından, arxayınlaşmağa əsas yoxdur. Sabah ən son olaraq oyuna çıxacaq “zolaqlılar”ın evdə qol buraxmadan qalib gəlməyi mərhələ keçmək şansını artıracaq. Ötən ildən istifadəyə verilən “Dalğa Arena”da həm daxili yarışlarda, həm də beynəlxalq miqyasda oyunlar keçirilsə də, avrokubok matçı olmayıb. Bu isə deməkdir ki, Mərdəkandakı stadionda ilk belə oyunu keçirəcək komanda kimi tarixə düşəcək “Bakı” üçün yaxşı stimul var.

5 iyul

Avroliqa, I təsnifat mərhələsi
İlk oyunlar


20:00. “XƏZƏR LƏNKƏRAN” (AZƏRBAYCAN) – “NOMME KALYU” (ESTONİYA)
Baş hakim: Mitja Zganec
Hakim köməkçiləri: Gregor Rojko, Robert Vukan
Ehtiyat hakim: Dragoslav Peric
(Hakimlər briqadası Sloveniyadandır)
Hakim-inspektor: Jari Maisonlahti (Finlandiya)
UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus)
Lənkəran. Şəhər mərkəzi stadionu

20:30. “TRANS” (ESTONİYA) – “İNTER” (AZƏRBAYCAN)
Baş hakim: Aleksandr Boukat
Hakim köməkçiləri: Jimmy Cremers, Patrick Plumes
Ehtiyat hakim: Laurent Colemonts
(Hakimlər briqadası Belçikadandır)
Hakim-inspektor: Stefan Ormandjiev (Bolqarıstan)
UEFA nümayəndəsi: Milos Markovic (Serbiya)
Rakvere. “Rakvere” stadionu

21:00. “BAKI” (AZƏRBAYCAN) – “MURA” (SLOVENİYA)
Baş hakim: Sergey Dankovski
Hakim köməkçiləri: Yevgeni Xalamendik, Oleksandr Yakimenko
Ehtiyat hakim: Vitali Romanov
(Hakimlər briqadası Ukraynadandır)
Hakim-inspektor: Oleq Çikun (Belarus)
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina)
Bakı. “Dalğa Arena” stadionu