Primeranın mükafatçısı “Neftçi”dən danışdı
04.07.2012 - 17:01
Primeranın mükafatçısı “Neftçi”dən danışdı
“Biz hələ ilk yarıda qol vura bilərdik. Lakin yaxşı kombinasiyalardan sonra top hədəfdən yan keçirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Kuban” klubunun futbolçusu Anxel İbanyes Dealbert deyib.

Vaxtilə “Kastelyon” və “Valensiya”nın şərəfini qorumuş 29 yaşlı ispaniyalı müdafiəçi Azərbaycan çempionu “Neftçi” ilə Avstriyada keçirilən yoxlama oyunu haqda danışıb: “Neftçi”ni ona görə məğlub etdik ki, meydanın mərkəzində daha dəqiq və daha sürətli oynadıq. Bizi müdafiə xəttimizə təzyiq azaldı. Əvəzində ön xətdə ardıcıl yaxşı vəziyyətlər yarandı. Lakin “Neftçi” üzərində qələbəni həddən artıq şişirtmək də istəməzdim. Hər məşqçi yalnız özünün bildiyi məsələlərin həllini düşünür. Rəsmi oyunda heç kim son 30 dəqiqədə bütün heyəti dəyişməz axı. Hərçənd rəqibimiz Çempionlar Liqasında oynayan komandadır. Baxmayaraq ki, “Neftçi” təsnifat mərhələsində oynamasına baxmayaraq qələbə həmişə şirindir”.

Qeyd edək ki, Dealbert 2009/10 mövsümündə “Valensiya”nın heyətində Primeranın bürünc mükafatçısı olub.