“Evdəki ilk oyunda məsələni həll etmək olar” – MÜSAHİBƏ
05.07.2012 - 12:45
“Evdəki ilk oyunda məsələni həll etmək olar” – MÜSAHİBƏ
Azərbaycan milli komandasının məşqçisi Nazim Süleymanovun apasport.az saytına müsahibəsi

- Bildiyimə görə, millinin oyunlarından sonra Rusiyaya istirahətə yollandınız. Sizin üçün doğma, vaxtilə futbolçu karyeranızın bağlı olduğu, yaşadığınız Soçi şəhərində yaxşı dincələ bildinizmi?
- Ora nə qədər doğma olsa da, Bakı, Azərbaycan ola bilməz də. Normal istirahət elədim. Rusiyada olduğum müddətdə veteran futbolçularla görüşürük.

- Bu gün avrokuboklarda bizim üçün növbəti mövsüm başlayır. Siz də “Bakı”nın Sloveniyanın “Mura” klubu ilə “Dalğa Arena”da oyununu izləyəcəksiniz...
- Bu matçı mütləq izləyəcəyəm. Elə ona görə, avrokuboklarda oyunlarımızı izləmək üçün gəlmişəm. Bildiyiniz kimi, millimizin baş məşqçisi Berti Foqts “Xəzər Lənkəran”ın Estoniyanın “Nomme Kalyu” klubu ilə matçına baxmaq üçün Lənkərana yollanıb.

- Foqtsla istirahətdən qayıdandan sonra görüşüb, hansı məsələləri, qarşıdakı planları müzakirə etmisiniz?
- Görüləcək işlərimiz məlumdur. Futbolçularımıza baxmaq lazımdır. Görək onlar hansı vəziyyətdədir, milliyə yeni futbolçular varmı, kim özünü yaxşı göstərə biləcək? Məlum olduğu kimi, avqustun 15-də Bəhreyn yığması ilə Bakıda yoldaşlıq görüşü keçirəcəyik. Bu matç öncəsi milli futbolçularını, namizədləri diqqətdə saxlayacağıq.

- Klublarımız üçün avrokuboklarda püşkü necə dəyərləndirərdiniz? Siz də bütün rəqiblərimizi münasib sayırsınızmı?
- Həmişə belə şey ortaya çıxır ki, rəqib ya zəifdir, ya güclüdür. Mənə elə gəlir ki, zəiflər heç vaxt Avroliqaya çıxa bilməz. Bəli, nisbi zəif ola bilər. Ancaq belə baxmaq lazım deyil axı. Oyuna mütləq ciddi hazırlaşmaq lazımdır. Bir də ki avrokuboklarda xal toplamaq gərəkdir. Bunu Azərbaycanın reytinqini yüksəltmək üçün etməliyik. Bizim üçün hər xal dəyərlidir. Rəqib görməməliyik, illərlə xal toplayıb, irəli getməliyik. Mən inanıram ki, avrokuboklarda hər 4 təmsilçimiz ilk mərhələdə yaxşı çıxış edərlər və inşallah, irəliləyərlər.

- Təmsilçilərinizdən 2-si - “Xəzər Lənkəran”la “Bakı”nı vaxtilə çalışdırdığınızdan, sizə daha yaxındır. Onların hər ikisi ilk oyunlarını evdə keçirəcək və öz meydanındakı matçdakı nəticədən çox şey asılıdır. Sizcə, keçmiş klublarınız ilk matçda qalib gələ biləcəklər?
- Hər 2 oyundan çox şey asılıdır. Ancaq əlbəttə ki, evdəki ilk oyunda məsələni həll etmək olar. Buna baxmayaraq, hər 2 oyunda xallar verilir axır. Ona görə hər 2 matçda yaxşı xallar toplayıb, irəliləmək lazımdır.

- Avroliqa şəxsən sizin üçün də yaxşı tanışdır. Ötən il AZAL-ın baş məşqçisi kimi Belarusun “Minsk” klubu ilə üzləşmişdiniz. Klublarımıza, həmkarlarına bu turnirdə hansı tövsiyələri, məsləhətləri verərdiniz?
- Avroliqa elə bir turnirdir ki, bu, milli çempionat deyil, fərqli sınaqdır. Biz çempionatda təkcə öz klubumuzu təmsil edirdiksə, Avropada həm də bütün Azərbaycanı təmsil edirik. Buna görə də məsuliyyət çox artmalıdır. Mütləq çalışmaq lazımdır ki, komanda, oyunçular formada olsun, peşəkarlıqlarını göstərsinlər. Bu sözdə yox, əməldə etmək lazımdır. Onda bəli, məqsədinə çatmaq olar. Azərbaycanı təmsil etdiyimizdən, məsuliyyət böyükdür.

- Yəni rəqibə qətiyyən yuxarıdan aşağı baxmaq olmaz və düşünmək lazım deyil ki, artıq onları keçmişik. Bu, bizə baha başa gələ bilər.
- Tamamilə doğrudur. Futbolda gözlənilməz nəticələr həmişə olur. Bu, futbolda olan şeylərdir və ona görə ciddi hazırlaşmaq lazımdır. Futbolçular da bu məsuliyyəti hiss etməlidir.

- AZAL-dan söz düşmüşkən, onun yeni baş məşqçisi vaxtilə bir yerdə, sonradan yığmada rəhbərliyi altında oynadığınız Vaqif Sadıqov oldu. Sizcə, yaxşı tanıdığınız bu mütəxəssis AZAL-ı uğur qazandıra biləcəkmi?
- Sadıqov təcrübəli məşqçidir. O, həm millidə, həm də klublarda işləyib. Vaqif müəllim eyni zamanda xaricə çalışıb. Mənə elə gəlir ki, o, AZAL-ı yaxşı düzəldə bilər və inşallah, istədiyi nəticəni də alar.

- “Xəzər Lənkəran”la “Bakı”nın baş məşqçisi kimi avrokuboklarda debüt edəcək Yunis Hüseynov və Novruz Əzimovla da vaxtilə birgə oynamısınız...
- Biz demək olar bütün futbol adamları bir yerdə oynamışıq. Əlbəttə, bütün Azərbaycan onlara, klublarımıza azarkeşlik edəcək. Biz onlara uğurlar arzulayırıq. Çox irəli getsinlər, xallar toplasınlar. Bütün Azərbaycan istəyir ki, klublarımızdan heç olmasa 1-2-i Avroliqanın qrup mərhələsinə düşsün. Bunu hamımız istəyirik, arzulayırıq da.

Mehman SÜLEYMANOV