“Penaltini Rumıniyadan görürlər, Lənkəranda yox”
05.07.2012 - 23:02
“Penaltini Rumıniyadan görürlər, Lənkəranda yox”
“Oyun heç-heçə başa çatsa belə, biz qələbəyə layiq idik”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pit deyib.

Rumıniyalı futbolçu Avropa Liqasının “Nomme Kalyu” ilə qarşılaşması barədə fikirlərini açıqlayıb. Onun sözlərinə görə, buraxılan erkən qol komandanı ruhdan salmayıb: “Həmin vaxt ruhdan düşmədik. Fikirləşdim ki, sonadək oynamaq lazımdı. 2 dəqiqə sonra bərabərlik topunu vurduq. Bundan az sonra daha bir qol vura bilərdik. İkinci hissəyə üstün yollandıq. Amma ikinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı”.

Pit matçın baş hakiminin idarəçiliyindən razı qalmayıb: “Oyundan sonra Rumıniya ilə əlaqə saxladım. Evlə danışdım Hətta onlar da lehimizə olan penaltinin verilmədiyini dedilər. Təsəvvür edirsiz. Penaltini Rumıniyadan görürlər, Lənkəranda yox. Sözsüz ki, mərhələ adlamağa borcluyuq. Cavab matçında istədiyimiz nəticəni qazanacağımıza inanıram”.