Cəmşid Məhərrəmov: Sloveniyada qələbə qazanmağa borcluyuq – MÜSAHİBƏ
06.07.2012 - 10:58
Cəmşid Məhərrəmov: Sloveniyada qələbə qazanmağa borcluyuq – MÜSAHİBƏ
Avroliqada Azərbaycanı təmsil edən “Bakı”nın kapitanı Cəmşid Məhərrəmovun apasport.az saytına müsahibəsi

- Avroliqanın I təsnifat mərhələsində Sloveniyanın “Mura” klubu ilə 0:0 hesabı ilə nəticələnən ilk oyunu necə dəyərləndirərdiniz?
- Ağır oyun olacağını bilirdik. “Mura”nın bir sıra oyunlarını izləmişdik. Ancaq bu komandanı zəif kimi dəyərləndirdilər. Bu fikir onların bizə Sloveniyadakı təlim-məşq toplanışında yoxlama oyununda 0:4 hesablı məğlubiyyətinə görə formalaşmışdı. Bu dəfə 0:0 hesabı qeydə alınsa da, indiki vəziyyətdə də biz onlardan güclüyük. İnşallah, qələbə bizimdir. İnanıram ki, cavab oyununda istəyimizə çatıb, mərhələ keçən komanda biz olacağıq.

- Böyük hesabla qalib gəldiyiniz “Mura” ilə indi meydanda olan komanda arasında fərq böyük idi?
- İndiki “Mura” tam fərqli idi. Onda bizə qarşı daha çox əvəzedici futbolçular oynamışdı. Sizə deyim ki, həmin heyətdən indi 3 futbolçu olardı-olmazdı.

- İstənilən halda, evdə qalib gəlməli idiniz. Buna nə çatmadı?
- Biz qalib gəlməyi çox istəyirdik və meydana bunun üçün çıxmışdıq. Oyunun sonadək hücumda keçirdik. Ancaq son nöqtəni qoya bilmədik.

- Bunu hücum xəttində problemlə əlaqələndirmək olar?
- Problem deyəndə ki, Parksın zədə üzündən tam hazır olmadığını bilirsiniz. Şükür Allaha, başqa hücumçularımız, çıxıb qol vuran futbolçularımız da var. Ancaq həmin gündə qol vurmaq istəyimiz alınmadı. Bəxt amili də rəqibin tərəfində oldu.

- Yeni transferlərinizdən yalnız Edemir Rodriges çıxış etdi. Özü də Boliviya yığmasının sağ cinah müdafiəçisi mövqeyinizdə oynadığınızdan, siz müdafiənin soluna çəkildiniz. Onun çıxışına necə qiymət verərdiniz?
- Mən müdafiənin sağında da, solunda da oynamışam, ortada da. O, komandamızı gücləndirmək üçün gəlib, xeyir verməkdən ötrü burdadır. Boliviyalının ilk oyunu olmağına baxmayaraq, yaxşı təsir bağışladı. Get-gedə artıraraq, daha üstün oyun göstərəcək.

- Daha çox müdafiənin sağında oynadığınızdan, solda oynamaq sizə narahat deyil ki?
- Yox. Müdafiənin solunda oynamaq mənə çətinlik yaratmır. Ancaq biri var ki, birdən-birə orda oynamaq. Mən dəfələrlə sağda, solda, orta xətdə də oynamışam.

- Belə demək olar ki, müdafiənin sol cinahına transfer edilən Georgi Popxadze oynayandan sonra dayaq yarımmüdafiəçisi kimi çıxış edəcəksiniz?
- Bunu deyə bilmərəm. Bu, baş məşqçimizin qərarı olacaq.

- Hakimin bir sıra səhvləri oldu. Ukraynalının idarəçiliyini necə qiymətləndirərdiniz?
- Bizə qarşı qərəzliyi vardı. Bunu bir neçə epizodda gördüm. Cərimə zərbələri ilə bağlı düzgün qərar çıxarmırdı. Bizə qarşı kobudluqlar çox olurdu. Bir epizodda aut xəttində əlim yandadır, topa dəymir. Ancaq bizim qapımıza cərimə zərbəsi təyin etdi.

- 0:0 hesabı cavab oyunu öncəsi bizə hansısa üstünlük verirmi?
- Allahın köməyi ilə səfərdə qələbə qazanacağıq.

- Bu inam nədən irəli gəlir? Adətən komandalarımız səfərdə qalib gəlməkdə çətinlik çəkir...
- Daha çətin olsa da, biz Sloveniyada qələbə qazanmağa borcluyuq. Bu, nə qədər çətin olsa da, onu reallaşdırmalıyıq. Çünki “Bakı” klubu şərait, maddi, futbol – hər bir cəhətdən onlardan üstündür. Buna görə də cavab oyununda qalib gəlməliyik.

- Ancaq digər tərəfdən, kubok prinsiplərini nəzərə alsaq, “Bakı” səfərdə istənilən qollu heç-heçə ilə növbəti mərhələyə adlayacaq. Bu da əsas vəzifələrdən biri olan evdə qol buraxmamağa nail olmaqla bağlı idi...
- İnşallah, bizim üçün əsas qələbə qazanmaqdır.

- Yəni meydana qollu bərabərliyə çıxmaq haqda düşünmürsünüz...
- Əsas odur ki, biz meydana qələbə üçün çıxırıq. Qol vurmaq heç fikrimiz yoxdur ki...Biz səfər oyununda yalnız qələbə düşündürür.

Mehman SÜLEYMANOV