Rahid Əmirquliyev: Bunu da sübut edəcəyik
06.07.2012 - 15:25
Rahid Əmirquliyev: Bunu da sübut edəcəyik
“Biz qələbə qazanmalı idik. Çoxsaylı qol epizodlarımız da oldu. Amma bəxtimiz gətirmədi. Bu futboldur, hər şey ola bilər”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran” klubunun yarımmüdafiəçisi Rahid Əmirquliyev deyib.

Avropa Liqasının ilk oyununda Estoniyanın “Nomme Kalyu” klubunu qəbul edən təmsilçimizi cütün aşkar favoriti hesab edilirdi. Oyunun başlanğıcı təmsilçimiz üçün yaxşı alınmasa da, sonradan bərabərlik qolunu vuran Yunis Hüseynovun yetirmələri fasiləyə hesabda üstün də yollanmağı bacardı.

Amma ikinci hissədə fərqli mənzərənin şahidi olduq. Bu dəfə üstünlük rəqibdə idi. Oyunu dəyərləndirən Əmirquliyev rəqibin Estoniya çempionatına başçılıq etməsinə də toxunub: “Üçüncü qolu vursaydıq, nəticə fərqli olacaqdı. Oyunda üstün tərəf biz idik. Rəqibin bu dərəcədə şişirdilməsinə gəldikdə, Estoniya səviyyəsinə baxıb belə deyirlər. Razıyam, onlar bizdən güclü deyillər. İnşallah, orda bunu da sübut edəcəyik”.

Oyunda hesabın erkən açılmasının deyil, rəqibin ikinci qolu vurmasının futbolçulara mənfi təsir göstərdiyini vurğulayan kapitan müdafiədə kobud səhvlərə yol verdiklərini də etiraf edib: “Birinci qol bizi ruhdan salmadı. Əksinə, tezliklə hesabı bərabərləşdirdik. Onların ikinci qolu vurması hardasa komandanı sındırdı. Qaldı ki, buraxdığımız qollara, müdafiədə səhvlərə yol verdik. Futbolda belə şeylər qaçılmazdır”.