“Mahirə demişəm, klubu olmasa, milliyə dəvət ala bilməz”
06.07.2012 - 23:00
“Mahirə demişəm, klubu olmasa, milliyə dəvət ala bilməz”
Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqtsun müsahibəsi

- Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında püşkatma mərasimində iştirak etdiniz. Təəssüratlarınızı bölüşməyinizi istərdik...
- Tədbir yüksək səviyyədə keçdi. Təşkilatçılıqdan razı qaldım. Mənə səbətlərin müəyyənləşdirilməyində iştirak etmək xoş idi.

- Azərbaycanda keçiriləcək dünya çempionatı haqda nə düşünürsünüz?
- Bu, dünyanın ən ali futbol qurumu olan FİFA-nın yarışıdır. Biz artıq bundan öncə də hiss edirdik ki, dünya çempionatı Azərbaycana gəlib. Püşkatmadan sonra bunu daha çox hiss edəcəyik. Ümid edirəm ki, meydançalarda yüksək səviyyəli oyunları görəcəyik. Azərbaycanda bu yarışın yüksək səviyyədə keçəcəyinə şübhə etmirəm.

- Yığmamızın qrupdakı şanslarını necə dəyərləndirərdiniz?
- Püşkü Azərbaycan üçün uğurlu saymaq olar. Hesab edirəm ki, yığmamız çətin qrupa düşməyib. Mən bilirəm ki, indiyə kimi hazırlıq optimal keçib. Burada həyəcan var. Dünya çempionatından qabaq asan deyil. Yaxşı hazırlıq proqramı qurub, məşqlər, oyunlarla yığmanın səviyyəsinin artırmağına çalışmaq lazımdır. Bir az da şansı lazımdır.

- AFFA rəhbərliyi yığmamızın qarşısında qrupdan çıxmaq vəzifəsi qoyub. Sizcə, buna nail ola bilərik?
- Mən deyərdim ki, bu yarışda yaşına görə hamı eynidir. Mən deməzdim ki, hansısa komanda gəncdir. Yox, bu, belə deyil. Mənə elə gəlir ki, azərbaycanlı qızlar həyəcanlı olmasalar, soyuqqanlı oynasalar, qrupdan çıxa biləcəklər. Mən onlarda bu şansı görürəm.

- Qızlarımızın oyunlarını izləyəcəksinizmi?
- Bəli. Mən həmin vaxt burda olacağam və oyunları canlı izləyəcəyəm. Mən Azərbaycanın qızlardan ibarət yığma komandasının azarkeşi olacağam. Onlara böyük ümidlərim var.

- Milli komandamızla bağlı qarşıdakı planlarınız necədir?
- Bildiyiniz kimi, avqustun 15-də Bakıda Bəhreyn yığması ilə yoldaşlıq görüşü keçirəcəyik. Mən bu oyun öncəsi uzun müddətli təlim-məşq toplanışı keçirməyi planlaşdırırdım. Təəssüf ki, bu, alınmadı. Avrokuboklar, Premyer Liqanın oyunları ilə əlaqədar uyğun gəlmədi. Buna görə də matçdan 2 gün qabaq yığışıb, hazırlıq keçəcəyik.

- Yeni futbolçular olacaqmı?
- Yox. Son oyunlarımız olan Yaponiya və Andorra yığmaları ilə yoxlama matçlarına çağırılan futbolçular yenə heyətdə olacaqlar. Biz həmin futbolçuları görmüşük.

- Millimizin əsas futbolçularından olan Mahir Şükürov hələ də klubsuzdur. Onun bu vəziyyəti haqda nə fikirləşirsiniz?
- Yaponiyada səfərdə olduğumuz zamanı Mahirlə söhbətləşmişəm. Ona açıq demişəm ki, millinin oyunçusudur, klubu olmasa, yığmaya dəvət ala bilməz. Şükürov bunu həmin vaxtkı söhbətimizdən bilir.

Mehman SÜLEYMANOV