“Azərbaycanda işləmək haqda düşünərəm”
07.07.2012 - 10:06
“Azərbaycanda işləmək haqda düşünərəm”
“Azərbaycana ilk dəfədir gəlirəm və bu səfərdə görə çox şadam. Gördüklərimə xoş mənada təəccübləndim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri azərbaycanlı jurnalistlərlə söhbətində ötənlərin məşhur hollandiyalı futbolçusu Ronald de Bur deyib. “Ayaks”, “Barselona”da, Hollandiya yığmasında çıxışı ilə tanınan oyunçu AFFA-nın dəvəti ilə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatının final mərhələsinin püşkatmasında iştirak etdi.

Beynəlxalq Muğam Mərkəzində millimizin almaniyalı baş məşqçisi Berti Foqtsla birgə səbətlərin müəyyənləşdirilməyində iştirak edən Ronald belə məsul turnirin ölkəmizdə keçirilməyinə yüksək qiymət verdi: “Fikrimcə, Azərbaycanda dünya çempionatının keçirilməyi düzgün qərardır. Burada qarşıdakı turnirə böyük diqqət var. Hamı onu müzakirə edir və bunu möhtəşəm layihə sayıram. Təbii ki, dünya çempionatı yüksək səviyyədə keçirilməlidir. İnanıram ki, bu, Azərbaycanda belə də olacaq. Çünki burada yeni stadionlar tikilib, təşkilatı, hazırlıq işləri yüksək səviyyədədir”.

42 yaşlı de Bur final mərhələsində “Ölüm qrupu”nu D-ni sayır: “Ümumiyyətlə, Azərbaycandakı turnirdə güclü yığmalar iştirak edəcək. Almaniyanın qrupu çətindir. Ora, Uruqvay, Çin və Qana yığmaları düşüb”.
Təbii ki, belə tanınmış futbolçunun karyerasını bitirdikdən sonra ölkəmizə məşqçi işləməyi perspektivi də maraqlı idi: “Mən gələcəkdə bu haqda düşünə bilərəm. Heç vaxt bilmək olmaz ki, sabah nə olacaq. Ancaq hazırda bu perspektivə baxmıram”.