Ronald de Bur: Azərbaycan millisi sürpriz etməyə qadirdir - MÜSAHİBƏ
07.07.2012 - 12:00
Ronald de Bur: Azərbaycan millisi sürpriz etməyə qadirdir - MÜSAHİBƏ
Hollandiya yığmasının sabiq müdafiəçisi Ronald de Burun azərbaycanlı jurnalistlərə müsahibəsi

- Artıq bir neçə gündür Azərbaycandasınızz. Təəssüratlarınızı bilmək istərdik?
- İlk dəfədir ki, Azərbaycandayam. Açığı burda gördüklərim mənim üçün xoş bir sürpriz oldu. Vaxtım az olduğuna görə, paytaxtınızı tam gəzməmişəm. Amma gördüklərimə əsasən çox modern, gözəl şəhərinizin olduğunu deyə bilərəm.

- FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin fəxri qonaqlarından olmaqla yanaşı, püşkatmada fəal iştirak etdiniz. Mərasimi necə dəyərləndirərdiz?
- Bilavasitə iştirakçısı olduğum püşkatma mərasimi haqda ancaq xoş sözlər demək olar. Tədbir yüksək səviyyədə təşkil edilmişdi. Hiss olunur ki, ölkəniz yarışa ciddi hazırlaşır. Buna əsasən püşkatma mərasimində olduğu kimi, çempionatın oyunlarının da yüksək səviyyədə təşkil ediləcəyini düşünürəm.

- Azərbaycan futbolu haqda nə deyə bilərsiniz?
- Bildiyimə görə, ölkənizdə qadın futbolu cəmi iki ildir yaradılıb. Yəni bu sahə inkişaf etməkdədir. Təbii ki, hər biriniz komandanızdan uğurlu nəticə gözləyirsiniz. Yığmanızın yer aldığı qrup haqda bir söz deyə bilmərəm. Amma komandanızın sürpriz etməyə qadir olduğunu düşünürəm. Buna görə də Azərbaycan yığmasında yaxşı nəticə gözləmək olar.

- Səhnədə yığmamızın baş məşqçisi Berti Foqtsla birgə idiniz. Onunla söhbət etmək imkanınız oldumu?
- Bir-birimiz haqda ancaq xoş sözlər dedik. Azərbaycan yığması haqda müəyyən məlumatlara sahibəm. Ona qarşıdakı oyunlarda uğurlar arzuladım. Fikrimcə, zamanla hər şey müsbətə doğru dəyişəcək. Ümid edirəm ki, inkişaf yolunda Foqts da sizə kömək edəcək.

- Hansı qrupu “ölüm qrupu” hesab edirsiz? Ümumiyyətlə, favorit qismində hansı komandanı görürsüz?
- Bütün qruplar çətindir. Almaniyada qadın futbolu inkişaf edib. Bu baxımdan onları fərqləndirə bilərəm. Amma belə yaşlı komandaların oyunlarında sürpriz nəticələr də qaçılmazdır.