Droqba Messi ilə Ronaldoya yuxarıdan aşağı baxır
10.07.2012 - 11:50
Droqba Messi ilə Ronaldoya yuxarıdan aşağı baxır
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrdə dünyada ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, yığma və klub səviyyəsində beynəlxalq oyunlarda ən məhsuldar futbolçuların siyahısına Didye Droqba başçılıq edir. Fil Dişi Sahili yığmasının 34 yaşlı kapitanı “Marsel” və “Çelsi”nin heyətində 100 qol vurub. Droqba bunun 55-i yığmada, 45-i klubda vurub.

Didyenin ən yaxın izləyicisi almaniyalı həmyaşıdı Miroslav Klozedir. O, Almaniya millisində 64, 4 klubun – “Kayzerslauten”, “Verder”, “Bavariya” və “Latiso”nun heyətində 26 dəfə fərqlənib.

Son illərdə dünyanın ən yaxşı futbolçuları, bombardirləri olan argentinalı Lionel Messi ilə portuqaliyalı Kriştianu Ronaldo siyahıda müvafiq olaraq 6-cı və 9-dur. Messi yığmada 28, “Barselona”da 56 qolla ümumilikdə 84 dəfə rəqib qapısına yol tapıb. Ronaldo isə 76 qol vurub ki, bunun 36-sı millidə, 40-cı “Mançester Yunayted” və “Real”da olub.