Branimir Subaşiçin şərikli bombardirliyi
11.07.2012 - 09:30
Branimir Subaşiçin şərikli bombardirliyi
“Xəzər Lənkəran”ın futbolçusu Branimir Subaşiç avrokuboklarda qol sayını 3-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, yığmamızın 30 yaşlı milliləşdirilən serbiyalı hücumçusu Avroliqanın I təsnifat mərhələsində Estoniyanın “Nomme Kalyu” klubu ilə hər 2 oyunda qol vura bildi. Bunadək isə Subaşiç avrokuboklarda ilk qolunu “Neftçi”nin heyətində vurmuşdu. Bu, 2007-ci ildə UEFA kubokunda Avstriyanın “Rid” klubuna Tofiq Bəhramov adına Respublika stadionunda 2:1 hesabı ilə qalib gəldiyimiz cavab oyunu idi.

Subaşiç 3 qolla “Neftçi”də komanda yoldaşı olduğu, mövsüm bitəndən sonra isə “İnter”ə keçən gürcü həmkarı Georgi Adamiyaya çatıb. Sonuncu 3 qolunu 3 müxtəlif komandada – “İnter”ədək “Neftçi”də İntertoto kubokunda səfərdə Belçikanın “Jerminal” (1:1), “Qarabağ”da evdə Avroliqada Makedoniyanın “Metallurq” klubuna (4:1) vurub.

Branimir eyni “Xəzər Lənkəran”ın avrokuboklarda bombardirinin rekorduna şərik olub. Belə ki, hazırda komandada seleksiyaçı məşqçi olan Zaur Ramazanovun da qitə miqyaslı turnirdə 3 qol vurub. Fərq ondadır ki, 36 yaşlı hücumçu yalnız Lənkəran klubunun heyətində fərqlənib. Bu, Zaurun UEFA kubokunda Moldovanın “Nistru” və Polşanın “Lex” klublarına səfərdə uduzduqları (1:3 və 1:4) və Çempionlar Liqasında Zaqreb “Dinamo”su ilə Bakıda 1:1 hesablı bərabərliyə qaldıqları oyunlarda vurduğu qollardır.

Cənubluların Estoniya klubuna səfərdə 2:0 hesabı ilə qalib gəldikləri oyunda qələbənin əsasını qoyan da millimizin futbolçusu oldu. Özü də “Xəzər Lənkəran”ın yeni transferi olan Ruslan Abışov həm indiki klubunda, həm də avrokuboklarda qol hesabını açdı. Onun Subaşiçlə “Neftçi”də də birgə çıxış etdiyini nəzərə alsaq, Lənkəran klubunun 8 illik tarixində avrokuboklarda ilk qələbəsi, ilk dəfə mərhələ adlamağı prinsipial rəqibindən gələn futbolçuların qolları sayəsində reallaşdı.

Mehman SÜLEYMANOV
0