Rəşad Sadıqov: Bu nəticə hamını aldatdı
16.07.2012 - 13:07
Rəşad Sadıqov: Bu nəticə hamını aldatdı
“Qarabağ”ın futbolçusu Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

- Komandanız Türkiyədəki hazırlıq prosesini ilk mərhələsini başa vuraraq, Bakıya qayıdıb. İlk mərhələni necə dəyərləndirərdiniz?
- Yay təlim-məşq toplanışları futbolçu karyerasında ən ağır dövrdür. Ancaq buna baxmayaraq, çox çalışırıq və bütün diqqətimizi hazırlıq dövrünə yönəltmişik. Yaxşı hazırlaşmaq üçün əlimizdən gələni edirik. Çünki burda yaxşı hazırlıq keçməsən, çempionatda il boyu öz sözünü deyəcək. Allaha şükür, çətinlikləri geridə qoyduq. İlk mərhələdə daha çox fiziki yükləmələr idi. İkinci toplanışda daha çox oyunlar olacaq. İnşallah, bunu da yaxşı başa vurub, növbəti mövsümə tam hazır olmaq istəyirik.

- Hər halda, ilk hazırlıq dövründə də yoxlama oyunları keçirdiniz və İranın klubları ilə hər 2 matçda 1:0 hesabı ilə qalib gəldiniz. Bunlardan “Traktorsazi” Təbriz təmsilçisi olduğundan, soydaşlarımızla oyun sizdə hansı təəssürat oyatdı?
- Bu komanda ilə oyun daha maraqlı keçdi. “Zob Ahan”la matç ilk oyunumuz idi. Bu yükləmələr vaxtı istər-istəməz öz oyununu göstərə bilmirsən. İstirahətdən sonra təzə gəlmisən. Ancaq fikirləşirəm ki, oyunlar pis alınmadı. Ancaq səhvlərimiz, çatışmayan şeylərimiz çoxdur ki, bu da indiki dövrdə normaldır.

- Çatışmayan cəhətləriniz nədir ki, ona diqqət yetirib, aradan qaldırmalısınız?
- Hələ çox şey üzərində işləməliyik. Mövsümün əvvəlidir, 40 gün istirahət etmişik. Ona görə də bu dəqiqə çatışmayan şeylər çoxdur. İndi optimal formada ola da bilmərik. Olsaq, düzgün olmaz. İnşallah, yavaş-yavaş çempionatın əvvəlinə tam hazır olacağıq.

- İran çempionatı şəxsən sizə tanışdır. Çünki qısa müddətdə də olsa “Fulad”da oymasınız. Maraqlıdır, iranlılardan Rəşad Sadıqovu tanıyanlar oldumu?
- Mən İranda 10 il bundan qabaq oynamışam. Ancaq oteldə 1-2 iranlı futbolçunu tanıdım. Millinin üzvləridir, bir-birimizə qarşı oynamışıq. Ancaq onlar məni tanımadılar. On il çox vaxt olduğundan, bunu normal sayırlar.

- Yeni transferləriniz, əsasən legionerlərə necə təəssürat oyatdı?
- Bu dəqiqə konkret fikir bildirmək çətindir. Futbolçuların ustalığı çempionatda, əsas oyunlar başlayanda bilinəcək. İlk baxışdan pis təsir bağışlamırlar. İstərəm ki, uğurlu çıxış etsinlər.

- Yəqin ki, “Qarabağ”ın güclənməyinə ehtiyac olduğundan, yenə transferlər olacaq...
- Olmalıdır, hamımız gözləyirik. Buna, dəyişiklərə ehtiyacımız var.

- Hücum xəttinə yeni futbolçu gətirilməyi gözlənilir...
- Mövqe bildirmək istəmirəm. Bu, məşqçilərin qərarıdır. Hansı mövqeyə ehtiyac varsa, yəqin ki, ora futbolçu alınacaq.

- “Köln”ün qapıçısı Miro Varvodiviçin “Qarabağ”a keçidindən sonra orada çıxış edən Sloveniya yığmasının tanınmış hücumçusu Novakoviçin transferi haqda da məlumat yayıldı...
- Mən də bu haqda internetdən eşitmişəm. Komandanın içində belə söhbət yoxdur.

- Artıq Premyer Liqamızda növbəti mövsümün də püşkü atılıb və ilk turda güclü rəqib “İnter”in qonağı olacaqsınız. Bu komanda heyətini gücləndirərək, Avroliqaya inamlı başlayıb. Startda belə rəqiblə başlamaq sizin nə qədər çətin olacaq?
- Fikrimcə, bizə ilk turda ən güclüsü, bizim üçün ən narahat olan komanda düşdü. Hazırda “İnter” çox güclənib, avrokuboklara uğurlu start verib. Eyni zamanda oyun praktikası sarıdan üstünlük onlar tərəfində olacaq. Ancaq biz də ciddi hazırlaşacağıq və Allahın köməyi ilə çempionata uğurlu başlamaq istəyirik. Yəqin ki, maraqlı oyun keçər.

- Bu həftə avrokuboklarda qızğın həftəmiz olacaq. Sabah “Neftçi” Çempionlar Liqasında strat götürəcək, “Xəzər Lənkəran”la “İnter”lə iyulun 19-da Avroliqada növbəti oyunlarına çıxacaqlar. Kənarda komandalarımızın çıxışı necə görünür?
- Ümumiyyətcə, biz də çıxış etmək istərdik. Amma belə baxırsan ki, arada belə fasilələrin faydası var. Çünki yaxşı istirahət elədik, indi rahat məşq edə, yüklənə, yoldaşlıq matçları oynaya bilirik. Neçə il idi ki, bu baxımdan çox əziyyət çəkirdik. Keçən il Avroliqaya demək olar yoldaşlıq matçları oynamadan getdik. Həmin vaxt oynamağa rəqib yox idi. Sonra çempionata istədiyimiz şəkildə köklənə bilmədik və ilk dövrəni demək olar uğursuz çıxış elədik. Baxırsan ki, bəlkə arada belə kənarda qalmağın faydası olar. Ancaq adam istər-istəməz avrokuboklarda oynamaq istəyir.

- Bizdə əvvəllər belə praktika olub ki, avrokuboklardakı iştirakçılarımız daha yaxşı çıxış etmək üçün başqa klublardan futbolçular götürüb. İndi belə variant mümkün ola bilərdimi?
- Əvvəllər belə şeylər olub. Ancaq son illərdə buna heç kim əl atmır. Hərəsi öz komandasını qurmaq istəyir.

- Tutaq ki, sizə avrokuboklarda oynayan klublarımızdan rəsmi təklif olsaydı, bunu qəbul edərdiniz?
- Bəli. Mən bu söhbətlərə həmişə hazıram. Kiməsə nəsə kömək lazım, birdən qırmızı vərəqə, zədə olsa, kimisə vaxtında transfer etmək mümkün olmaz, daim öz yardımımı göstərmək iqtidarındayam. Ancaq mənə rəsmi müraciət edən olmayıb.

- Avrokuboklarda qalan klublarımızdan nə gözləyirsiniz?
- Üçünün də mərhələ keçəcəyini düşünürəm. Məncə, ən azı ikisi mərhələni keçəcək.

- Bundan əvvəlki söhbətimizdə “Neftçi”nin uğurlu çıxışına daha çox inandığınızı demişdiniz. Belə demək olarmı ki, indi də “İnter”i bu sıraya edirsiniz?
- “Neftçi”yə konkret inanıram. “İnter”lə “Xəzər Lənkəran”i seçmirəm. Ancaq belə fikirləşirəm ki, ikisindən biri mütləq mərhələni keçəcək. Hətta fikirləşirəm ki, 3-cü mərhələni də keçmək ehtimalı böyükdür.

- Bəs “Bakı”nın Avroliqada çıxışını belə erkən başa vuracağını gözləyirdiniz?
- Əlbəttə, bütün futbol ictimaiyyətimizdə pis təəssürat yaranıb, tənqidlər olur. Bu da başa düşüləndir. “Bakı” özlərindən zəif rəqibə məğlub oldu. Ancaq bu, futboldur və hər şey mümkündür. Baxırsan ki, gözləmədiyin rəqiblərlə oyunlarda çətinliklə üzləşirsən. Ancaq fikirləşirəm ki, “Mura”ya yoxlama oyununda 4:0 hesabı ilə qalib gəlmək öz mənfi təsirini göstərdi. Məğlubiyyətin, mərhələ keçməməyin də ən başlıca səbəbi bu oldu. Bu nəticə hamını aldatdı. Futbolçulardan asılı olmayaraq, istər-istəməz 4:0 hesablı qələbədən sonra oyuna köklənə bilmədilər.

Mehman SÜLEYMANOV