“Millimizin xal alacağı oyunları Portuqaliya və Rusiya ilə olmayacaq”
16.07.2012 - 17:57
“Millimizin xal alacağı oyunları Portuqaliya və Rusiya ilə olmayacaq”
“Növbəti seçmə mərhələdəki rəqiblərimizdən Portuqaliya və Rusiya yığmaları hazırda tam fərqli durumdadır. Onların dünya çempionatının seçmə mərhələsində necə çıxış edəcəklərini bilirəm, ancaq Avropa çempionatının final mərhələsində tam fərqli oyunlar göstərdilər”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov deyib. Millimizin 2014-cü il dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən Portuqaliya son Avropa çempionatında bürünc medalçı oldusa, Rusiya qrupda qaldı.

Rəşadın sözlərin görə, əsas diqqəti qrupumuzun favoritləri olan bu yığmalar yox, başqalarına yönəltməliyik: “Rusiya yığması istədiyi oyunu göstərə bilmədi, turnirdən sonra baş məşqçi dəyişikliyi baş verdi. Portuqaliya millisində isə vəziyyət tam tərsinədir. O, çox güclü komanda, kollektiv təəssüratı yaratdı. Ümumiyyətlə, bizim əsas oyunlar onlarla yox, digər rəqiblərlə olacaq. Xal alınacaq oyunlarımız həmin yığmalarla olacaq. Güclülərlə oyunlarda imkan olsa 1 xal qoparmağa çalışacağıq. Ancaq xal qazanacağımız digər matçlar olduğundan, daha çox diqqətimizi həmin oyunlara verməliyik”.

Qeyd edək ki, yığmamızın qrupunda Portuqaliya və Rusiya ilə yanaşı, İsrail, Şimali İrlandiya və Lüksemburq milliləri yer alıb.

Mehman SÜLEYMANOV