“Neftçi”dən pulsuz avtobus
16.07.2012 - 15:46
“Neftçi”dən pulsuz avtobus
Bakının “Neftçi” klubunun rəhbərliyi Çempionlar Liqasının II təsnifat mərhələsinin Gürcüstan “Zestafoni”si ilə oyununda komandanı azarkeş dəstəyi ilə təmin etməyə çalışır. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, fanatların sabah "Dalğa Arena"da keçiriləcək qarşılaşmaya getməsi üçün xüsusi avtobuslar ayrılıb.

"Neftçi" - "Zestafoni" matçını stadiondan izləmək istəyən azarkeşlər metronun "Gənclik" və "Koroğlu" stansiyalarının qarşısından hərəkət edəcək avtobuslardan istifadə edə biləcək. Nəqliyyat vasitələri saat 18:00-dan etibarən futbolsevərlərin "Dalğa Arena"ya aparacaq. “Neftçi” tərəfindən ayrılan avtobuslarda gediş-gəliş pulsuzdur.